Gələn həftə Formula 1 dünyası yenidən ölkəmizə qədəm qoyacaq. Yenə də bütün avtoidman həvəskarlarının diqqəti Azərbaycana yönələcək. Bu baxımdan Formula 1-in ölkəmizə nə kimi fayda və ziyan verdiyini araşdırmaq düzgün çıxar. Belə ki, bu idman növünün həm tərəfdarı, həm də kifayət qədər əleyhdarı var.

Əvvəla qeyd edək ki, Formula 1 dünyada böyük auditoriyaya malikdir. Son illər bununla bağlı çoxlu sayda hesablamalar aparılıb. Yarışların rəhbərliyi üçün də auditoriyanın böyüklüyünü, hansı yaş həddini əhatə etdiyini dəqiqliklə təhlil etmək vacibdir. Çünki yeni rəhbərlik ildən-ilə daha geniş kütləyə sahib çıxmaq niyyətindədir. Bunun üçün də düzgün araşdırmalara və hesablamalara ehtiyac var.

Aparılan tədqiqatların nəticələrinə əsasən, son 3 ildə televiziya auditoriyasında böyük artım var. Formula 1-i  izləyənlərin sayı milyard yarıma çatıb. Bu isə dünya əhalisinin hər 4 nəfərindən biri deməkdir. Artımların əsas hissəsi qran-prilərə ev sahibliyi edən və çempionatda pilotları olan ölkələrin payına düşür. Bu hesablamalara inansaq, Azərbaycanda yarışları izləyənlərin sayı artır.

Bundan başqa, tribunalarda yarışı seyr edənlərin sayı artmaqdadır. Xüsusilə də Avropa mərhələlərində ciddi artımın olduğuna şahidlik edirik. Bir neçə il əvvəl tribunalarda boşluqları görmək mümkün idisə, hazırda Britaniya, İtaliya, Avstriya, İspaniya, Belçika, Macaristan və digər ölkələrdə bilet tapmaq çətindir. Bəzi yarışlar zamanı azarkeş sayı 400 mini də keçir.

1678986450 formel 1 gp baku uebertragung zeitplan strecke - Futbolinfo.az

Tələbatın bu səviyyəyə  çatması qiymət artımıı və yerli promouterlərin daha çox gəlir əldə etməsi deməkdir. Məhz buna görədir ki, son illərdə mərhələ keçirmək istəyən ölkələrin sayı artır. Təqvimdə olan ölkələr isə onu əldən verməmək üçün dəridən-qabıqdan çıxır.

Bu mənada Azərbaycanı xoşbəxt ölkələr siyahısına sala bilərik. Bu gün təqvimdə 24 qran-pri var. Onlar 19 ölkədə təşkil edilir. Azərbaycan da bu seçilmiş 19 ölkə arasındadır.

Burada təəssüf doğuran məqamlardan biri yarışımızın şəhər daxilində keçirilməsidir. Bu səbəbdən də tribuna sayını artırmaq çətinlik yaranır. Şəhər trassları bu mənada sıxıntıya malikdir. Stasionar traslarda isə bununla bağlı heç bir problem olmur. Daha bir vacib məqam, az miqdarda olsa da, tribunalarda boş yerlərin olmasıdır. Xüsusilə də cümə və şənbə günü baş tutan sessiyalar azarkeşlərin marağına səbəb olmur.

Formulanın belə auditoriyaya malik olması ilk növbədə həmin ölkənin dünyada təbliğatına xidmət edir. Ölkəmiz də bu yarışları təşkil edərkən ilk növbədə bunu düşünür. Azərbaycan müstəqil respublika kimi dünya xəritəsində gənc ölkələrdən sayılır. Bunun üçün də bizə ilk növbədə ciddi təbliğat lazımdır. Formulanın bu mənada böyük faydası var. Bayaq da qeyd etdiyimiz kimi, təşkil etmək istəyənlər çox, amma bu hüququ əldə edənlər azdır.

Son 20 ili götürsək, bir sıra dövlətlər yarışlara ev sahibliyi etməklə tanınıb. Misal üçün Malayziya, Sinqapur, BƏƏ, Qətər və digərlərinin adını çəkmək olar. Ümumiyyətlə, bu gün təqvimə nəzər salsaq, orada Azərbaycandan gənc ölkə görə bilmərik.

İnsanları ən çox maraqlandıran suallardan biri yarışların keçirilən ölkəyə hansı faydanı verməsidir. İlk növbdədə Formula 1-in şərtlərinə nəzər salmaq lazımdır. Təşkilatçı ölkə teleyayımdan qazanc əldə etmir. Çünki hüquqlardan gələn məbləğ Formula 1-ə çatır. Digər qazanc yeri isə biletlərdir. Bu isə sırf yerli promouterlərə çatan pullardır. Buna görə də tribunaların tutumu böyük önəm daşıyır. Ölkəyə fayda isə gələn turistlərin xərclədikləri pullardır. Bura nəqliyyata ödənilən pul və hotel sifarişi aiddir. Gələn insanların sayəsində bir sıra sektorlarda mənfəət artır. Həmin sektorlara kafe və restoran, taksi və digərləri daxildir.

baku formula 1 1593725 - Futbolinfo.az

Turist artımı təkcə mərhələnin keçirildiyi günlər olmur. Dünyanın bir çox yerində televizor qarşısında əyləşib yarışı izləyən insanlarda həmin ölkəyə getmək marağı yaranır.

Bakıda keçirilən yarışın ən böyük çətinlikləridndən biri şəhərdəki vəziyyətdir. Stasionar trassın olmaması ölkəmizi buna məcbur edir. Şəhər daxilində olması həmin ərəfədə insanların haqlı narazılığına səbəb olur. Əslində, bu, bütün dünyada belədir. Böyük tədbirləri qəbul edən istənilən şəhərin əhalisi müəyyən qədər narazı olur. Narazılığın da səbəbi rejimin pozulmasıdır.

İstənilən təşkilatçı ölkə bu narazılığın müəyyən qədər aşağı salınması üçün əlindən gələni edir. Təəssüf ki, bu məsələ bizdə ən axsayan tərəfdir. İnsanların rahatlığının pozulmasını mümkün qədər minimuma endirmək lazımdır. Misal üçün Monakoda sıxlıq Bakıdan da çoxdur. Qran-pri zamanı gələn turistlərin sayını da bizimlə müqayisə etmək olmaz. Lakin yerli camaatın və gələnlərin rahatlığı üçün yollar sessiyalar bitəndən yarım saat sonra açılır. Bizdə isə bir həftə əvvəldən trass ətrafı qapanır və bir də yarışdan sonra açılır.

1654623081 - Futbolinfo.az

Başqa bir vacib məqam mərhələnin keçirilmə vaxtıdır. Burada da biz böyük problemlərlə üzləşirik. Halbuki ölkəmiz mərhələni təqvimin daha uyğun yerinə salmaq gücündədir. Səbəbi isə ödənilən məbləğdir. Azərbaycan 24 mərhələ arasında ən çox üzvlük haqqı ödəyən ölkədir. Bir il üçün 57 milyon ABŞ dolları ödənilir. Bura trassın hazırlanması, sığorta xərcləri və digər məsrəflər aid deyil. Bu qədər üzvlük haqqı ödənildiyinə görə ölkəmiz daha münasib vaxt tələb etməlidir. Ancaq bizim qran-pri illərdir ki, ilin bir hissəsindən digərinə atılır. Builki yarışın vaxtı da uyğun sayıla bilməz. Belə ki, məktəb mövsümünün açılması ilə üst-üstə düşməsi ciddi problemlər yaradır.

Bir sözlə, Formula 1 yarışlarını keçirmək üçün çox ölkələr canfəşanlıq edir. Azərbaycan bu xoşbəxt ölkələr sırasındadır. Sadəcə olaraq çalışıb onu insanlarımız üçün daha faydalı etmək lazımdır.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp