“Düzünü desəm, səhvlərimiz də var idi. Rəqib bizi bu yanlışlara məcbur edirdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin qadınlardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov deyib. O, Çempionlar Liqasının I mərhələsində məğlub olduqları oyunlar haqda danışıb.

Əsgərov püşkatmada şanslarının gətirmədiyini bildirib: “Neftçi” qadın futbol klubu olaraq ilk dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edirdik. Təəssüf ki, püşkatmada şansımız gətirmədi və  çətin rəqib “Sankt-Pölten”lə qarşılaşdıq. Onlar neçə illərdir Çempionlar Liqasının qruplarında iştirak edir. İstər komanda, istərsə də futbolçuların keyfiyyəti çox yaxşıdır. Buna görə də 0:5 hesabı ilə məğlub olduq. Topun olduğu bölgədə o qədər aqressiv çıxış edirdilər ki, məcbur top itkiləri yaranırdı. Düşünürəm ki, ilk oyunda ard-arda etdiyimiz səhvlərdən sonra gələn qollara görə komandamızda düşüş yaşandı. Əgər o səhvlər olmasaydı, oyun belə böyük hesabla yekunlaşmazdı. “Sankt-Pölten” də öncədən gözlədiyimiz kimi, qrupu lider kimi başa vurdu. Həqiqətən çox yaxşı komandadılar və buna layiq idilər”.

Məşqçi digər matçdan da söz açıb: “O ki qaldı Gürcüstanın  “Lançxuti”sinə, onlar da yaxşı rəqib idi. Bizdən fərqli olaraq, 4 ildir Çempionlar Liqasının qrupunda iştirak edirlər. Həmdə bu oyunların Gürcüstanda keçirilməsinə görə əlavə şanslı idilər. Durum olaraq komandanın oyunu və individual şansları bərabər idi. Belə oyunlarda səhvlər vazkeçilməzdir. Səhv etdinsə və həmin səhvi rəqib dəyərləndirdisə, sənin üçün çətin olur. İlk qolu müdafiədəki boşluqdan buraxdıq. Nə qədər ilk yarıda hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı, fasilədən sonra bunu etdik. Təəssüf ki, bu da uzun çəkmədi. Yenə də müdafiədə buraxdığımız boşluqlara görə qapımızda qol gördük və 1:2 hesabı ilə uduzduq. Rəqibə qalib gələrək, ilk dəfə ölkəmizə reytinq xalı gətirəcəyimizi düşünürdük. Amma təəssüf ki, bunu da edə bilmədik. Buna baxmayaraq, komandamız üçün böyük təcrübə oldu. İlklər çox çətin olur. İnşallah bundan sonrakı illərdə bir daha iştirak etsək, daha təcrübəli olacağıq. Bu təcrübə gələcəkdə bizə yaxşı mənada kömək olacaq və qızlar da matçlara fərqli yanaşacaqlar”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp