U-21 yığmamızın və “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov Serbiya ilə matçdan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

– İlk öncə oyun haqda fikirlərini öyrənək.

– Oyuna yaxşı başlamışdıq. 3 xal qazanmaq istəyirdik. Qol fürsətləri yaratmağı bacardıq, lakin bunlardan yararlana bilmədik. Məncə, biz daha üstün oynadıq. Fərdi səhvlər nəticəsində məğlub olduq.

– Çıxışından razı qaldın?

– Əlimizdən gələni etməyə çalışdıq. Milli üçün can qoyuruq və yalnız qələbə istəyirik.

– Ötən matçda da Lüksemburqa məğlub olmuşdunuz. Səncə, həmin nəticənin bugünkü oyuna təsiri oldu?

– Məğlub olanda istər-istəməz bunu düşünürsən. Həmin nəticəni unutdurmağa çalışırdıq. Matçdan öncə Lüksemburqa yenilgini yaddan çıxarıb, bu görüşə köklənmişdik. Heyf ki, alınmadı və məğlub olduq.

– Real qol epizodu yaratmışdın. Fərqlənməyinə nə mane oldu?

– Qola çox yaxın idim, bəxtim gətirmədi. Sonda top qapıçıya toxundu və fərqlənə bilmədim.

– Millimiz matça yaxşı başlamışdı. Amma 20-ci dəqiqədən sonra sanki oyun planımız itdi. Sona qədər belə oynamağa gücümüz çatmadı, yoxsa rəqib imkan vermədi?

– Qol buraxdıqdan sonra həvəsdən düşdük. Buna baxmayaraq, hücumlarımızı davam etdirdik. Hətta ikinci hissədə penalti də qazandıq, lakin bundan da istifadə edə bilmədik.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp