Formula 1-də Bakı yarışı təqvimə salınmazdan əvvəl şəhər mərhələləri çox zaman darıxdırıcı olurdu. Yarışların əksəriyyətində təsnifatda çox şey həll olunduğuna görə bazar günü mövqe uğrunda mübarizə aparmaq mümkünsüz hala çevrilirdi. Yazılanlara bir çox nümunə çəkmək olar: Monako, Sinqapur, döngəli körpüsü olan Valensiya şəhər trassı, dörd DRS zonasına malik Melburn. Bakıdakı trass tamamilə fərqli oldu və digərlərinə nümunəyə çevrildi. Ardınca isə təqvimdə eyni dərəcədə maraqlı və təhlükəli Ciddə yarışı peyda oldu.

Qədim şəhərin gözəl bir bölməsinin də daxil olduğu yüksək sürətli şəhər trassı vizual olaraq əla görünür və gözlənilməz nəticələrlə yadda qalır. Yeddi il ərzində burada demək olar ki, hamı səhvlər edib. Bu dəfə də səhvlər olacaq. Trassı Monako və Monzanın hibridi adlandırırlar. Lakin Bakı onların hər ikisinin cəmindən daha məhsuldardır. Monakoda ən maraqlı hissə sıralanmadır. Məhz təsnifat zamanı knyazlıqda sürücülər qəza riskinə baxmayaraq limitlərin son həddində yarışırlar. Monzadakı yarış Monakodan daha maraqlıdır. Bakıda isə hər iki hissə – həm təsnifat , həm də yarışın özü maraqlıdır.

Azərbaycanda keçirilən birinci mərhələ Avropa qran-prisi adlanırdı. Builki yarışımız isə mövsümün Avropa hissəsini bağlayır.

Mövsümün sonuna qədər 12 həftə ərzində ardıcıl üç mərhələdən ibarət səkkiz qran-pri var. Sürücülər, komandalar, Formula 1-də iştirak edən hər kəs üçün belə bir qrafik asan olmayacaq.

Keçən ildən fərqli olaraq, güc balansı tamamilə müəmmalıdır. Son üç yarışda üç fərqli komandanın sürücüləri qalib gəlib. Bu tendensiyanın Bakıda da davam etmə şansı həddindən artıq yüksəkdir. Yeddi il ərzində yarışda poul sahibi cəmi iki dəfə qalib gəlib, ona görə də şənbə günündəki birincilik demək olar ki, heç nəyə zəmanət vermir, hər şey bazar günü həll olunur.

Bu həftəsonu yaxşı çıxış edəcəkləri təqdirdə, “McLaren” Mühəndislər Kubokunda liderliyə yüksələcək. Son 10 qran-pridə onlar “Red Bull Racing”dən 107 xal çox toplayıblar.

Bakıda biz Oliver Bermanı ilk dəfə “Haas F1”in sükanı arxasında görəcəyik. O, cərimə xallarına görə diskvalifikasiya olunmuş Kevin Maqnusseni əvəz edəcək.

Ötən ilə qədər heç kim Bakıda iki dəfə qalib gəlməmişdi. Meksikalı sürüc Serxio Peres keçən il bunu edə bildi. Ötən illə müqayisədə bu il sprint olmayacaq. Bu dəfə həftəsonu ənənəvi qaydada baş tutacaq və qalib də yəqin ki, fərqli olacaq. Kimin qalib gələcəyini bazar günü öyrənəcəyik!

SİYAVUŞ ƏLYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp