“Fernandu Santuş da 3,5 il işləyib pulunu aldıqdan sonra deyəcək ki, “bağışlayın alınmadı, siz futbol oynamağı bacarmırsız”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında ötən əsrin 80-90-cı illərində ölkənin bir çox komandasının formasını geyinmiş Elçin Həsənov deyib.

Veteran yarımmüdafiəçi klublarımızın normal akademiyaları qurulmayınca inkişaf olmayacağını bildirib: “Hər bir klubun internat məktəbi, akademiyası olmayınca, futbolçular orda qalıb, gündə 2-3 dəfə məşq etməyincə bizdə futbol inkişaf etməyəcək. Buna Gürcüstan millisini də örnək gətirə bilərik. Ronaldo ilə şəkil çəkdirən uşaqlar Avropa Çempionatında Ronaldonun komandasına qalib gəldilər. Bu günə kimi nələr etdiklərinə hər birimiz şahidik. Eynisi bizdə də olmalıdı. Bir məşqlə futbolçu yetişmir. Hərə bir pullu məktəb açıb uşaqlardan pul yığır. Bu, belə olmamalıdır. Birinci meydançalardan başlayıb, infrastrukturu düzəltməlidilər. Bütün meydançalar təbii ot örtüyü olmalıdır. Bir ara “Qəbələ” belə bir şey yaratmışdı. Gördüyümüz kimi, neçə futbolçular yetişdirdilər. “Neftçi”dəki məşqçilərin hərəsi bir ölkədəndir. Klubun öz veteranlarından birini gətirmək olmazdımı? Mahmud Qurbanov, Yunis Hüseynov, Mahir Şükürov və ya Vidadi Rzayevi işə cəlb edə bilmirlər? Bunlar ki, futbolu bilən insanlardı. Bir gedib “Neftçi”nin məktəblərini yoxlasınlar ki, futbolçuları harada məşq edir. Bizim vaxtımızda səhər məşq edib, dərsə gedirdik. Dərsdən çıxıb, yeməyimizi yedikdən sonra təkrar məşq edirdik. İndi hər yerindən duran gedib  kateqoriya alıb məşqçi işləyir. Hər kəs əsas liqada çıxış edə bilməz axı. “Neftçi”nin veteran məşqçiləri var ki, Pro kateqoriyası alıb işləmirlər. Onlara yüksək əmək haqqı verib, uşaq futboluna cəlb etmək lazımdır. İndi Fernandu Santuş gəlib. Lakin Qvardiola gəlsə də, fərqi yoxdur. Bizim milli bununla düzələcək deyil. İndikilər gedəndən sonra daha da pis olacaq. Klublarımız uşaq futboluna fikir verməkdənsə, bir-birləri ilə bəhsə giriblər. Ən azı indi uşaq futbolunun üstündə düşsək, 10 il sonra nəsə edə bilərik. Nə qədər ki, bunlar yoxdu bizdə futbol olmayacaq. Fernandu Santuşa, Kurban Berdiyevə, Roman Qriqorçuka verilən pulların 1/5-i bizim öz mütəxəssislərimizə verilsin, onlar da uşaq futbolunu inkişaf etdirsinlər. AFFA özü edə bilmirsə, ən azından klublara bildirsin ki, belə bir şey yaradın, yoxsa sizə lisenziya verməyəcəyik”.

Həsənov veteranlarımızın susmasının səbəbini bilir: “Bizim futbol veteranlarımız heç nə demək istəmir. AFFA-dan 5-10 manat alacaqlar deyə susurlar, bu duruma səslərini çıxarmırlar. Fuad Musayevin vaxtında mitinq edirdilər. Hanı o mitinqdəkilər? Hazırda Ağstafadayam, burada futbol məktəbinin rəhbəri var – Abbas Fərzəliyev. Azərbaycanın əməkdar məşqçisidir. Hansı ki, Məqsəd Yaqubəliyev, Qoşqar Hacıyev, Rüfət Mədətov və s. futbolçuları yetişdirib. Bütün canını futbola verib, amma heç bir səbəb olmadan onu işdən azad ediblər”.

Elçin bəy kimlərinsə özü üçün pul qazandığını, futbolun inkişafını düşünmədiyini deyib: “Mən müxtəlif komandalarda 8 il kapitan olmuşam. Bizim komandaya qıraqdan gəlib baxanda deyirdilər ki, bunların hamısı “Neftçi”də oynamalıdır. O vaxt “Neftçi”yə düşmək çətin idi. İndi də həmin prespektivli uşaqlar var. Bunu rayonlarda, kəndlərdə axtarmaq lazımdır. Yoxsa varlılar uşaqlarını futbola qoyur, maşınla məşqə gəlib-gedirlər. Onlardan futbolçu olmayacaq. “Qarabağ” kimi Azərbaycanın bir nömrəli komandasının belə internat məktəbi yoxdur. 2 saat məşq etməklə futbolçu yetişdirməyə çalışırlar. Məncə, AFFA gedib Tovuzda, Gəncədə açılan məktəbləri də yoxlamalıdır. Orada işin hansı yerdə olduğunu bilməlidirlər. Bütün gücümüzü uşaq futboluna versək, irəliləyiş olar. Yalandan pulu göyə sovurmasınlar”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp