“Qarabağ”ın futbolçusu Leandro Andrade Avropa klublarının diqqət mərkəzində qalmaqda davam edir.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ən geci mövsümün sonunda Azərbaycan çempionunu tərk edə bilər.

Yay fasiləsində Rusiya və Portuqaliya başda olmaqla, Avropanın bir neçə klubunun diqqət mərkəzinə düşən 25 yaşlı hücumameyilli oyunçu Ağdam təmsilçisində qalmağı üstün tutub. Lakin bəzi komandalar onun “Qarabağ”dakı çıxışını izləməkdə davam edəcək. Onlar qış fasiləsində və ya mövsümün sonunda yenidən Premyer Liqa klubuna təklif göndərməyi nəzərdən keçirirlər.

Ötən yay Leandro Çindən çox sərfəli təklif almışdı. Asiyalılar “Qarabağ”a 3 milyon avroluq təklif göndərmişdi. Ağdamlılar bu səbəbdən onunla müqavilənin müddətini artırdı və anlaşmaya 5 milyon avroluq satınalma bəndi saldı. Andradenin uğurlu çıxışı bu məbləği ödəmək istəyən bir klubun ortaya çıxacağını deməyə əsas verir.

Aleksey Kaşukun transferi də buna hesablanıb. “Qarabağ” Leandronu satmağa məcbur olacağını bildiyindən, indidən ukraynalını ona alternativ kimi gətirib.

Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Shares: