İspaniyalı yarımmüdafiəçi Rodrinin dizindən aldığı zədə onun bu mövsüm oynama ehtimalını sıfıra endirib. Bu, təkcə Xosep Qvardiola və “Mançester Siti” azarkeşləri üçün deyil, superulduzlarda sadəliyə və təvazökarlığa dəyər verən azarkeşlər üçün böyük itkidir.
2019-cu ilin iyul ayında Rodri 70 milyon avroya transfer edilib. Bir neçə həftə sonra “Mançester Siti” mövsümöncəsi qarşılaşmada Yaponiyanın “Yokohama F. Marinos” komandasına 3:1 hesabı ilə qalib gəldikdə Qvardiolanın sözləri belə oldu: “Rodri inanılmaz idi. Biz bunu bilirdik, amma indi sizi əmin edə bilərəm: qarşıdakı 10 il üçün bizim fantastik dayaq yarımmüdafiəçimiz var”.
Rodri bu payızı “Qızıl top”a əsas namizədlərdən biri kimi başladı. Belə ki, onsuz “Mançester Siti”nin və İspaniya millisinin uğurunu təsəvvür etmək mümkün deyil. Ancaq Rodri təkcə tanınmış oyunçu deyil, futbol superulduzu üçün o, son dərəcə qeyri-adi imicə malikdir.
Sosial şəbəkələri yoxdur – səbəbini başa düşmür
“Twitter” və ya “Instagram”da Rodrini tapmağa çalışsanız, buna müvəffəq olmayacaqsınız. Sosial şəbəkələrdə onun yalnız fan hesablarını tapa bilərsiniz. Bir ay əvvəl Rodri Co Hart ilə BBC-nin podkastında heç vaxt sosial mediada olmadığını belə izah etmişdi:
“Mən bu qərarı çoxdan vermişəm. Çox vaxt uşaqlar bir-birinin ardınca eyni şeyləri təkrar edirlər. Hər kəsin bu platformalarda qeydiyyatdan keçməyə başladığını xatırlayıram. O zaman öz-özümə dedim: “Xeyr, buna ehtiyacım yoxdur. Dostlarım var. Sosial şəbəkələrdə oturmaq istəmirəm – parkda gəzmək, kənddə əylənmək istəyirəm. İnternetdə dost axtarmaq istəmirəm.
Mən dərhal buna “yox” dedim və prinsipi sona qədər saxlamaq qərarına gəldim. Sosial medianın olmaması mənim üçün asan idi, çünki heç vaxt ona ehtiyacım olduğunu hiss etmirdim.
Problem ondadır ki, cəmiyyətdə belə bir fikir formalaşıb: “Sənə bu, bu, bu lazımdır”. Və sonra baxıb düşünürsən: “Vay, bütün bunlar mənə həqiqətən lazımdırmı?” Yox. Ona görə də qərarımı çox dəyərləndirirəm. Mən həyatı olduğu kimi sevirəm. Real.
Baxın. Siz və mən əvvəllər heç vaxt görüşməmişik. Ancaq indi bu studiyada biz əla vaxt keçiririk və bu, real həyatda baş verir. Mənə və ya buna bənzər bir şey yazmamısan. Üz-üzə münasibətlər realdır. Ətrafım gözəl və sağlamdır. Və buna görə mən çox xoşbəxtəm.
Başa düşürəm ki, sosial şəbəkələrin öz üstünlükləri var. Mən demirəm ki, onlar dəhşətlidir. Ancaq bir sualım var: “Onlara həqiqətən ehtiyacınız varmı?” Əgər belədirsə, təbii ki, onlardan istifadə etməyə dəyər”.
Fərdi mükafatların arxasınca getmir – onların prinsiplərinə inanmır
İspaniya Avrodakı qələbəsini azarkeşləri ilə qeyd edərkən, kapitan Alvaro Morata söz alaraq minlərlə pərəstişkarı qarşısında mikrofona belə demişdi: “Biz Rodrini “Instagram” hesabı açmağa məcbur etməliyik. Sonra onun böyük bir fərdi mükafat qazanıb-qazanmayacağına baxacağıq. Çünki o buna layiqdir. Rodri oyunu və xarakteri ilə bizi çempionatda qələbəyə apardı!”
Keçən il “Mançester Siti”nin treblindən sonra Rodri “Ballon d’Or” səsverməsində beşinci oldu. İspaniyalı “The Mirror”a verdiyi müsahibədə “Mən təəccüblənmirəm. Bu, gözəl şeydir. Fərdi mükafatların necə işlədiyini çox yaxşı başa düşürəm. Onlar marketinq, pul və reklam üzərində qurulub. Keçmiş ispan yarımmüdafiəçiləri layiq olduqlarını ala bilməyiblər. Nə demək istədiyimi yəqin ki bilirsiniz. Komandanın nailiyyətləri mənim üçün daha önəmlidir”, söyləmişdi.
Rodri indi də sakitdir: “Çox hörmət etdiyim Vinisiusla yarışacağımı deyirlər. Düşünürəm ki, o, əla oyunçudur. Haqqımda bu cür danışmalarının özü də görülən işlərlə fəxr etmək üçün əsasdır. Hər şey insanların səsvermə zamanı nəyə dəyər verməsindən, nəyi vacib saymasından asılıdır. Bir çox oyunçu bu mükafata layiqdir. Amma təsəvvür edin ki, küçəyə çıxanda insanlar “Sən “Ballon d’Or” qazanacaqsan, buna layiqsən” dedikdə mənim üçün necə bir şeydir. Mənim üçün bu, artıq qələbədir. Bunu heç xəyalımda belə görməmişəm”, – deyə o, ESPN-ə müsahibəsində qeyd edib.
Heç bir döyməsi yoxdur – onları çirkin hesab edir
Rodri “Mançester Siti”yə yenicə keçdikdə Qvardiolanın sevincinin həddi-hüdudu yox idi.
“Onun nə döyməsi, nə də sırğası yoxdur. Saç düzümü… Müdafiəyəmeyilli yarımmüdafiəçi kimi görünür! Öz mövqeyində olan oyunçu belə olmalıdır – o, daim komanda haqqında düşünməlidir”, – deyə Pep sevincini belə ifadə etmişdi.
2019-cu ilin iyun ayında Rodri İspaniyanın ABC qəzetinə müsahibə verdi. Suallardan biri də tatuajlarla bağlı idi: “Mən onları heç vaxt bəyənməmişəm. Məncə, onlar çirkin görünür”.
Lüks şeylərə pul xərcləmir
20 yaşında Rodri sürücülük vəsiqəsini aldıqda avtomobil haqqında düşünməyə başladı. Bu, Kastilyadan Madriddəki ailəsinə səyahət etmək üçün lazım idi. Beləliklə, o, işlənmiş “Opel Corsa” aldı. Özü də maşını elan vasitəsilə yaşlı bir qadından almışdı. “Oyunçular avtomobillərə böyük miqdarda pul xərcləyirlər. Nəyə görə? Onun məqsədi A nöqtəsindən B nöqtəsinə çatdırmaqdır”.
O, nə “Vilyarreal”a , nə də “Atletiko”ya keçəndən sonra avtomobilini dəyişmədi. “Siti”yə keçdikdən sonra isə klubdan verilən “Mercedes”i sürür.
Eyni yanaşma geyimə də aiddir. Rodri heç vaxt dəbdəbəli əşyalar almır və buna görə də komandadakı yoldaşları buna görə həmişə zarafatlaşırlar. “Bu, sadəcə inanılmazdır. Onlar bəzi qraffitiləri görür və onu təqlid etməli olduqlarını düşünürlər. Bu, mənə normal görünmür. Qriliş və Ake gəlib mənə moda dərsi verməyə başlayırlar… Amma mən Con Stounzun üslubuna üstünlük verirəm”, – deyə Rodri COPE-yə verdiyi müsahibədə etiraf etmişdi.
Rodri başqa bir müsahibəsində “İnsanlar mənə hər zaman lağ edirlər. Uşaqlar gəlib mənimlə zarafatlaşırlar: “Bu şeyi haradan almısan? Bəs bu? Bütün bunlar mənə mənasız gəlir. Mən çox adiyəm. Bəzən onların məni başa düşməsi çətin olur”.
2019-cu ildə Rodri lüks həyatdən danışdıqda bu sözləri işlətmişdi: “Ağıllı olmalısan. Bunların heç biri xoşbəxtlik gətirməyəcək. Mənə başqa bir şey sevinc və həzz verir: yaxşı mühit, işimdən məmnunluq. Həyatımı daha rahat etmək fürsətindən imtina etmirəm, amma lüks şeylər həyatımı məna qatan şey deyil. Mən onlar üçün səy göstərmirəm.
Futbolçular çox yüksək həyat keyfiyyətinə malikdirlər, lakin onların yanında hər gün yaşamaq üçün mübarizə aparanlar var. Biz də mübarizə aparırıq, amma yaxşı yaşayacağımızı bilərək bunu edirik. Məsələyə bu cür baxmaq kömək edir. Problemim olanda ona bu rakursdan baxıram”.
Davamlı oxumağı məsləhət görür
Rodri futbolun hıəyatda heç nəyə zəmanət vermədiyini erkən öyrənib. 17 yaşında ikən boyu və gücü yetərli olmadığı üçün “Atletiko” akademiyasından qovulub. Halbuki o zaman onun boyu 183 santimetr idi. O, təbii ki, dərhal yeni komanda tapıb.
Bundan başqa, bel zədəsi səbəbindən Sequndadan yuxarı qalxa bilməyən atasının misalı var: “Atam həmişə futbolun lotereya olduğunu və burada şanslı olacağının heç bir zaman zəmanəti olmadığını təkrarlayırdı. Buna görə də işlərin yolunda getməyəcəyi mümkünlüyünü ehtimal edərək yaxşı təhsil almalı olduğuma qərar verdim”.
Məhz bu səbəbdən də o, hətta “Vilyarreal”ın gənclər komandasında oynayarkən də universiteti tərk etmədi, “Biznesin idarə edilməsi” fakültəsində təhsil aldı: “Tələbə atmosferi çox kömək edir. Burada beynim digər fikirlərdən təmizlənir”.
“Vilyarreal”ın əsas komandasında oynadıqda belə Rodri tələbə yataqxanasında yaşayırdı – iki çarpayı, iki şkaf, stol. “Həyatımın ən xoşbəxt dörd ili” deyən oyunçu öz emosiyalarını bu cür bölüşmüşdü. “Məndən orada nə etdiyimi soruşdular. Amma universitet məni daha yetkin etdi. Bu isə bir çox gənc futbolçularda çatışmayan şeydir”.
Bakalavr təhsilini başa vuran Rodri İqtisadiyyat fakültəsinin magistratura proqramına daxil olmaq istəyirdi. Lakin futbolçu karyerasının sürətlə yüksəlişi səbəbindən bunu edə bilməyib. Ancaq burada da Rodri dayanmadı, ingilis dilini öyrəndi. Və “Siti”yə keçən zaman o, artıq ətrafındakılarla danışa bilirdi.
“Futbol mənim əsas seçimim deyildi. 16 yaşımda məktəbi bitirdikdə atamdan bunu eşitdim: “İndi isə universitet”. Futbol oynayaraq pul qazanmağa başlayanda Ali məktəbi tərk edə bilərdim. Amma universiteti bitirdim. Mən bununla fəxr edirəm – deyə Rodri BBC podkastında Co Hartla söhbət edərkən vurğulayır. – Futbola çox diqqət vermək olmaz. Mən həmişə uşaqlara da bunu deyirəm. Heç vaxt öyrənməyi dayandırmayın. Nə etdiyinizdən asılı olmayaraq, bu, sizin inkişafınıza kömək edir. Əlbəttə, bunun üçün çox çalışmaq lazımdır. Başa düşürəm. Amma mən bunu etmişəmsə, deməli, başqası da edə bilər”.
Təbii ki, bu yanaşma Rodrinin peşəyə münasibətində özünü göstərir.
“Mən həmişə matçlarımızı təkrarən izləyirəm. Xüsusilə də yaxşılaşdırıla biləcək məqamların olduğunu düşünürəmsə, bunu etmək məcburiyyətindəyəm. Oyunları tək izləyirəm. Buna görə də meydanda görmədiyim çox şeyləri görürəm. Çox vaxt anlayıram ki, bəzi anları xatırlamıram. Mən oyunu təhlil etməyi xoşlayıram – təkcə özümün yox, bütün komandanın oyununu” , deyə ispaniyalı iyul ayında “The Guardian”a müsahibəsində bildirib.
Ailəni və sevdiklərini hər şeydən çox qiymətləndirir
“Atletiko”da keçirilən təqdimatda Rodri 40 nəfəri – ən yaxın dostları və ailəsini ilk dəfə qırmızı-ağ formanı geyinməsini izləməyə dəvət etmişdi. Həmin mərasimdə nənəsi göz yaşlarını saxlaya bilməmişdi.
Rodri gələcək həyat yoldaşı Laura ilə universitetdə tanış olub. Onlar ailə həyatlarının məxfiliklərini daim qoruyurlar: Lauranın “İnstaqram”ı olsa da, kənar şəxslər üçün qapalıdır. “Qol vuranda mənə birinci Lauranın evdə bunu qeyd etdiyi video gəlir. Paltardəyişmə otağına gedən kimi dərhal da buna baxıram”.
Sevdikləri ilə güclü əlaqələr Rodri üçün çox vacibdir: “Mən adi bir oğlanam. Göylə getməmək mənim üçün vacibdir. Mən həmişə çox adi olmuşam. Bu, mənim həyat tərzimdir. Bu şəkildə də davam etmək istəyirəm.
Çox israfçı olmaq, həyatı qeyri-adi şeylərlə doldurmaq lazım deyil. Hazırda mən rahatam və xoşbəxtəm. İctimai adam olana qədər belə yaşamışdım. İndi də beləyəm. Özümü bu cür daha yaxşı hiss edirəm. Bu, həm də mənim daha yaxşı oynamağıma kömək edir”.
Məlum olduğu kimi, bu il “Qızıl top”u almağa əsas namizədlər Rodri və Vinisiusdur. Yayılan məlumata görə, braziliyalı futbolçu səsvermənin qalibi olub. Artıq bu, həll edilmiş məsələdir. Bu, bəzilərinə haqsızlıq kimi görünsə də, artıq futbol ictimaiyyəti buna alışıb. Bunu insanlara 2010 və digər illərdə mükafatın səsvermələri alışdırıb.
AĞA