“Qarabağ”ın sabiq futbolçusu Vaqif Cavadovun futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində ilk oyununu səfərdə “Tottenhem”ə qarşı keçirəcək. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Çətin və maraqlı görüş olacaq. “Qarabağ” böyük komandalara qarşı yaxşı oyun nümayiş etdirə bildiyini dəfələrlə sübut edib. Səfər amilini və rəqibin yaxşı formada olduğunu nəzərə alsaq, təmsilçimizi ciddi sınaq gözləyir. Ümidvaram ki, “Qarabağ” baxımlı oyun göstərərək istədiyi nəticəyə imza ata biləcək.
– “Qarabağ” illər öncə “Tottenhem”lə qarşılaşıb və hər iki görüşdə uduzub. Həmin vaxtla müqayisədə hər iki komanda güclənib, ya zəifləyib?
– Kimin zəiflədiyini, kimin gücləndiyini demək doğru olmaz. Əlbəttə ki, İngiltərə çempionatı bizim liqadan qat-qat üstündür. Bu, başadüşüləndir. Digər tərəfdən isə “Qarabağ” stabil çıxış edir və bizi sevindirir. Buna görə də Londondakı qarşılaşmada hər şey ola bilər. Futbolun da gözəlliyi məhz bundadır.
– Bu mövsümdən avrokuboklarda yeni format tətbiq olunur. Qrup mərhələsinin Liqa mərhələsi ilə əvəzlənməsini necə qarşıladınız?
– Məncə, bu format daha maraqlıdır. Oyunların sayı çox olacaq. Hazırkı formatda böyük komandalarla daha çox qarşılaşmaq imkanı əldə edirsən. Bu isə təcrübənin artmasına şərait yaradır. Bundan əlavə, növbəti mərhələyə çıxmaq şansın indi daha çoxdur. Düşünürəm ki, Liqa mərhələsinin tətbiqi özünü doğruldacaq və ondan gələcəkdə də istifadə ediləcək. Razıyam ki, oyun sayının artması futbolçular üçün əlavə yüklənmə deməkdir. Buna baxmayaraq, azarkeşlər üçün çox matçın keçirilməsi müsbət haldır.
– “Qarabağ” “Tottenhem”dən əlavə daha 7 rəqiblə üz-üzə gələcək. Ağdam klubunun növbəti mərhələyə yüksəlmək şansını necə dəyərləndirirsiniz?
– Hər şey ola bilər. “Qarabağ” dəfələrlə avrokubok matçlarında azarkeşləri sevindirib. Buna görə də pozitiv olmalı, təmsilçimizdən hər zaman yaxşı nəticələr gözləməliyik. Mən neqativ hisslərə qapılmağı doğru saymıram. “Qarabağ” illərdir Azərbaycan futbolunun yükünü layiqincə daşıyır, futbolumuza xeyir verir. İstərdik ki, Liqa mərhələsində də yaxşı nəticələr qeydə alınsın. Amma olmasa belə, “Qarabağ”a buvaxtadək etdiklərinə görə təşəkkür düşür.
– Sizcə, Liqa mərhələsindəki rəqiblərdən “Qarabağ” üçün ən təhlükəlisi hansıdır?
– Liqa mərhələsinə yüksələn hər komanda güclüdür. Təbii ki, “böyük beşlik” təmsilçiləri daha təhlükəli sayılırlar. Ümumi götürdükdə isə Liqa mərhələsindəki bütün komandalar aşağı-yuxarı eyni səviyyədədirlər. Hər bir rəqibə qarşı oynamaq olar. Ümid edirəm ki, “Qarabağ” keçirəcəyi 8 oyundan sonra turnir cədvəlində istədiyi mövqedə qərarlaşa biləcək.
AĞA