UEFA Avropa Liqasının yeni formatında mübarizəyə qoşulan “Qarabağ” ilk turda Londondan xalsız və qolsuz döndü. Sonuncu dəfə “Ludoqorets”lə Bolqarıstanda keçirilən oyunda 7 qol vuran Ağdam təmsilçisi son 3 oyunda istəyinə çata bilmədi.

Əvvəlcə, Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna 0:3 və 0:2 hesabı ilə məğlub olan komandamız, “Tottenhem”lə səfər matçında qapısında 3 cavabsız top gördü. Amma hamımız qəbul edirik ki, bu oyunlarda “Qarabağ” heç də pis təsir bağışlamadı, hər 3 oyunda rəqibi ilə müqayisədə daha çox hücum qurdu. Sadəcə, Qurban Qurbanovun əlinin altında olan futbolçular son nöqtəni qoya bilmədi. “Dinamo” ilə oyunlarda rəqib qapıçı İvan Nevistiç inanılmaz qurtarışları ilə yadda qalırdısa, “Tottenhem”lə görüşdə təkcə Gilyerme Vikario diqqət mərkəzinə düşmədi. İtalyan qolkiperlə yanaşı bəxt də londonlulara yardım etdi. Toral Bayramov əvvəlcə təkbətək epizoddan yararlana bilmədi, daha sonra penalti zərbəsini puç etdi. Hələ bu iki epizodun arasında Juninyo da boş qapıya düşə bilmədi.

Bir sözlə, “Qarabağ” həm xorvatlar, həm də ingilisləri keçsə də, özünü keçə bilmədi. Amma keçmişlə yaşamaq olmaz. Artıq bu nəticələr tarixin yaddaşına qovuşub. İndiki məqamda komandamız gələcəyi düşünməlidir.  Gələcəyin üfüqlərində isə bir-birindən vacib 7 oyun görünür.

“Qarabağ” heç olmasa ilkin pley-off mərhələsində oynamaq istəyirsə, ən azı 24-cü yeri tutmalıdır. 36 komanda arasında bu pilləyə yüksəlmək isə heç də mümkünsüz görünmür. Nəzərə alaq ki, bura Çempionlar Liqası deyil. Bəzi komandaları çıxsaq, digərləri ilə başabaş mübarizə aparmaq olar. Hətta kağız üzərində üstələyə biləcəyimiz rəqiblər də var. Belə rəqiblərdən biri də “Malmö”dür. O, “Malmö” ki hazırda bir statistik göstəriciyə görə “Qarabağ”la yanaşı dayanıb. Bəli, hazırkı İsveç çempionu avrokuboklarda keçirdiyi son 3 oyunda məğlub olmaqla yanaşı, heç qol da vurmayıb.

Henrik Ridströmün komandası Çempionlar Liqasının pley-offunda hər iki oyunda Praqa “Sparta”sına 0:2 hesabı ilə məğlub olduqdan sonra, Avropa Liqasının ilk turunda da doğma meydanda “Reyncers”ə eyni hesabla boyun əydi. Doğrudur, bu 3 oyunda “Qarabağ”la müqayisədə daha az top buraxıblar.  Amma hər 3 oyunu izləyərkən hücum planında heç də xoş təsir bağışlamadıqlarını söyləyə bilərik.

İkinci turun oyununun Bakıda keçiriləcəyini nəzərə alsaq, komandamızı favorit saymalıyıq. Doğrudur, kağız üzərində üstün görünmək hələ heç nə demək deyil. “Qarabağ” “Ludoqorets”dən də üstün idi, amma Bakıda Bolqarıstan çempionuna məğlub oldu. Ona görə də bu görüşə bəlkə də digərlərindən daha artıq köklənmək lazımdır. Çünki hazırda yaxşı vəziyyətdə olmayan “Malmö” Bakıya həddini bilib gələcək. Çalışacaqlar ki, müdafiədə daha etibarlı oynasınlar. Üstəlik onu da anlayırlar ki, artıq xal qazanmağın vaxtıdır.

Təbii ki, Qurban Qurbanov rəqibi təhlil edib oyunçularına necə mübarizə aparmağın yolunu öyrədəcək.  Amma biz də “səbirsizlik” edib boş dayanmayacağıq.

Əvvəla, onu qeyd edək ki, əsası 1910-cu ilin fevralın 24-də qoyulan bu klub 23 dəfə İsveç çempionu olub.  Zlatan İbrahimoviç kimi ulduz futbolçunu yetişdirən klub son illər ölkəsinin ən güclü komandasıdır. Təsadüfi deyil ki, son 4 ilin 3-də İsveç çempionu olublar.  Ötən mövsüm bu komandanın “sükanı arxasına” keçən 48 yaşlı “Kalmar” əfsanəsi Henrik Ridström gəlişi ilə dərhal komandaya çempionluq qazandırdı. Hər halda, 2022-ci ildə 7-ci yeri tutan komandanı böhrandan çıxartmaq onun üçün çətin olmadı. Cari mövsümdə də bu komanda növbəti çempionluğuna doğru inamla irəliləyir.  Sona 5 tur qalmış “mavilər” ən yaxın izləyicisi olan “Yurqorden”dən 10 xal öndədir. Bu da artıq çempionluğun bir addımlığı deməkdir.

zlatan 1567542655 - Futbolinfo.az

“Malmö”nün heyətinə nəzər salarkən, komandanın 27 üzvündən 14-ünün legioner olduğunu vurğulayaq. Adətən, hər il avrokubokların qrup mərhələsinə düşən belə ortabab komandalarda legionerlərin sayı yerlilərdən daha çox olur. “Malmö”də isə bu göstərici yarıbayarıdır. Belə bir klub üçün çox yaxşı göstəricidir.

“Mavilər”in heyətində 7 ölkədən legioner çıxış edir ki, ən çox da danimarkalı oyunçular üstünlük təşkil edir – 4 nəfər. Norveçdən isə 3 futbolçu gətiriblər.  Cənubi Amerikadan 2 braziliyalı, 1 perulu oyunçu transfer ediblər. Üstəlik, fin, island və monteneqrolu futbolçunun üzünə qapılarını açıblar.

Konkret taktiki düzülüşə gəlincə, Ridström vahid sxemə üstünlük vermir. Malmö bəzən 4-2-3-1,  bəzən 3-5-2, bəzən də 3-4-3 sxemi ilə meydana çıxır. Bu, heç də “Qarabağ” üçün yaxşı xəbər deyil. Ona görə ki, Qurbanov Ridströmün ona hansı sürprizləri hazırlayacağını bilməyəcək. Amma “Reyncers”lə oyunu əsas götürsək, komandanın 4 müdafiəçi, 2 dayaq yarımmüdafiəçi, 3 hücum fazasının oyunçusu və bir də sırf forvardla meydana çıxdığını görərik.

Qapıda İsveç millisinin 38 yaşlı sabiq üzvü Yohan Dalin qərarlaşıb. Bir ara Türkiyənin “Gənclərbirliyi” klubunda da oynayan qapıçı təcrübəsi ilə arxa xətti yaxşı idarə edə bilir. Müdafiənin mərkəzində 33 yaşlı Pontus Yansson etibarlılığı ilə seçilir. Hər halda, uzun illər “Lids” və “Brentford” kimi klublarda çıxış etmək onun məharətindən xəbər verir. Onun yanında 24 yaşlı norveçli Kolin Rösler qərarlaşıb ki, o da bir müddət Niderlandın “Breda” klubunda çıxış edib.

Müdafiənin sağ cinahındakı 33 yaşlı danimarkalı Yens Strigerə də “göz-qulaq” olmaq lazımdır. Uzun illər “Udineze”də çıxış edən, son iki mövsümdə də “Trabzonspor”un şərəfini qoruyan bu futbolçunun cinah reydlərini zərərsizləşdirmək lazımdır. Müdafiənin sol cinahında isə 25 yaşlı braziliyalı Qabriel Busanello fəallığı ilə diqqət çəkir.

Dayaq yarımmüdafiəçisi kimi Peru millisinin üzvü Serxio Penanı mümkün qədər təzyiq altında saxlamaq lazımdır. Topla çox yaxşı rəftar edən bu futbolçu məhsuldarlıq planında da göz oxşayır. Onun yanına təhkim olunan danimarkalı Lasse Yonssen ikitərəfli oyunu ilə komandasının vazkeçilməzlərindəndir.  Amma kim nə deyir desin, komandanın düşünən beyini 34 yaşlı danimarkalı oyun qurucusu Andreas Kristiansendir. 2018-ci ildən “Malmö”nün şərəfini qoruyan bu futbolçu əsl dispetçerdir. Onun qarşısını kəsəcəyimiz halda, işlərinin öhdəsindən böyük ölçüdə gələcəyik.

Hücumun sağ cinahında 31 yaşlı norveçli Oliver Berq, solunda isə 21 yaşlı yerli futbolçu Uqo Bolin pis təsir bağışlamır. Hücumun sivri ucunda isə “qol maşını” İsaak Kesse Telin qərarlaşıb. 32 yaşlı isveçli forvard karyerası ərzində “Bordo”, “Anderlext”, “Bayer” və “Kasımpaşa” kimi komandaların şərəfini qoruyub. Hə, bir də hərdən əsas heyətdə, bəzən də ehtiyat oyunçular skamyasından meydana çıxan “Budo Qlimt”dən tanıdığımız norveçli hücumçu Erik Botheymin də təqdimatına ehtiyac yoxdur.

Amma nə qədər rəqibin oyunçularını tərifləsək də, “Qarabağ”ı belə adlarla qorxutmağa ehtiyac yoxdur. “Dinamo” və “Tottenhem”lə matçlarda saysız-hesabsız qol vəziyyətləri yaradan komanda “Malmö” ilə matçda da fırtına guruldamalıdır. Amma yağmaq şərti ilə. Son 3 matçda bir “damcı” görməmişikk, isveçliləri əməlli-başlı islatmaq lazımdır. Bu oyun da əldən çıxsa, pley-offa yüksəlmək şansı azala bilər.

Azərbaycan – İsveç klublarının tarixi rəqabəti

1. 01.08.2013. Bakı. UEFA AL. Qarabağ – Gefle 1:0

2. 08.08.2013. Evle. UEFA AL. Gefle – Qarabağ 0:2

3. 17.07.2014. Boras. UEFA AL seç. mər. Elfsborq – İnter Bakı 0:1

4. 24.07.2014. Bakı. UEFA AL seç. mər. İnter Bakı – Elfsborq 0:1, p. 3:4

5. 18.08.2016. Göteborq. UEFA AL. Göteborq – Qarabağ 1:0

6. 25.08.2016. Bakı. UEFA AL. Qarabağ – Göteborq 3:0

7. 05.10.2023. Göteborq. UEFA AL. Hakken – Qarabağ 0:1

8. 14.12.2023. Bakı UEFA AL. Qarabağ – Hakken 2:1

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp