“Hər matçda olduğu kimi, bu oyuna da ciddi hazırlaşmışdıq. İstəyirdik ki, qələblərin ardını gətirək. İstəyimizə də nail olduq və buna görə sevincliyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov deyib.

Təcrübəli futbolçu Misli Premyer Liqasının 8-ci turunda “Səbail”ə 3:2 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Ağır və maraqlı oyun oldu. 5 qol vurulan matçda qalib gələn tərəf olduğumuza şadam. Rəqib turnir cədvəlində sonuncu pillələrdə olsa da, yaxşı komandadır”.

Qələbəyə məhsuldar ötürməylə töhfə verən Alxasov komandasının mövsümə yaxşı başlamasından söz açıb: “Bizim sağlam və mehriban kollektivimiz var. Hamımız çalışırıq ki, uğurlu yola davam edək. Mövsümü yaxşı başa vurmaq istəyirik”.

Müdafiəçi növbəti turda “Sabah”la qarşılaşmanın ağır olacağını da sözlərinə əlavə edib: “Bizim üçün çox ciddi oyun olacaq. Çünki keyfiyyətli futbolçuları olan komandaya qarşı oynayacağıq. Bütün matçlara necə hazırlaşmışıqsa, elə də hazırlaşacağıq. İnanıram ki, 3 xal əldə edəcəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp