“Mən meydana tamamilə sağlam qayıtmalıyam. Artıq məşq etmək, oyunlara çıxmaq istəyirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Qolkiper hazırkı durumunda tələsmək lazım olmadığını düşünür: “Zədəmi yavaş-yavaş sağaldıram. Allah qoysa, hər şey yaxşı olsa, bir aydan sonra məşqlərə başlayacam. Amma hələ ki, tezdir. Oynamaq istəyirəm, lakin çox yaxşı başa düşürəm ki, hazırkı durumumda tələsmək lazım deyil”.
Xatırladaq ki, yayda “Qarabağ”a qayıdan Şahruddin aldığı zədə üzündən uzun müddətə sıradan çıxıb.
GÜNAY SÜLEYMANOVA