Bu gün AFFA-nın inzibati binasında Yüksək və Birinci liqaların 2024-2025-ci il mövsümünün püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, əvvəlcə komandalara reqlament barədə məlumat verilib.

Yüksək Liqada 6 komanda iştirak edəcək ki, onlardan biri – “Şuşa” debütantdır. Digər 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb. Komandalar 4 dövrə mübarizə aparacaq. 20 turun yekununda ən çox xal toplayacaq kollektiv Azərbaycan çempionu olacaq və ölkəmizi UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümündə təmsil edəcək. İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.

Birinci Liqada isə 12 komanda gücünü sınayacaq. Mübarizə 1 dövrədən ibarət olacaq. 11 turdan sonra turnir cədvəlinin “ilk 4-lüy”ündə yer alan komandalar pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi ilə 4-cü, 2-ci pilləni tutan komanda ilə 3-cü sırada yer alan kollektiv qarşılaşacaq. Bir oyunluq mübarizədə qalib gələn iştirakçılar finalda gücünü sınayacaq. Qələbə qazanan komanda Birinci Liqanın qalibi olacaq. Komandaya kubok, qızıl medallar və diplomlar veriləcək. Finalda uduzan komandaya gümüş, pley-off mərhələsinin matçında uduzan və 3-cü yer uğrunda görüşdə qələbə qazanan kollektivə isə bürünc medallar və diplomlar təqdim olunacaq.

Onu da qeyd edək ki, “Yay Transfer pəncərəsi” oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.

Yüksək Liqa, I tur
22 oktyabr. Olimpik Star

Baku Fire – Araz-Naxçıvan
Şuşa – Neftçi İK
U-19 – Yasamal Bakı

Birinci Liqa, I tur
20 oktyabr. Olimpik Star

STAR kargo – Xan-Lənkəran
Delta – Djevo Dəyirman
Baku Fire-2 – Çarşı Bakı
Yeni Suraxanı – Ulduz
Dəstə Ordubad – Timsport
PFL – Metropoliten

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp