Səudiyyə Ərəbistanı italiyalı mütəxəssis Roberto Mançinini istefaya göndərdikdən sonra yığmaya yeni baş məşqçi axtaşındadır.
Tanınmış jurnalist Nikolo Skiranın sosial şəbəkələrdə yazdığına görə, fransalı mütəxəssis Herve Renar komandanın yeni baş məşqçisi ola bilər. Məşqçi artıq 2019-cu ilin iyunundan 2023-cü ilin martına kimi Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edib.
Renar Səudiyyə Ərəbistanından başqa, Qana, Zambiya, Anqola, Kot d’İvuar və Mərakeş milli komandalarını da çalışdırıb. O, Zambiya ilə 2012-ci ildə Afrika Millətlər Kubokunu, 2015-ci ildə Kot d’İvuarla Afrika kubokunu qazanıb. Ərəblərin son Dünya Çemponatında gələcək qalib Argentina üzərində sensasion qələbəsinin memarı da o idi.
Xatırladaq ki, oktyabrın 24-də Roberto Mançini Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postunu tərk edib. Mançininin qeyri-qənaətbəxş nəticələrə, eləcə də komanda daxilində münasibətlərin pisləşməsinə görə postunu tərk etdiyi bildirilir.