“Səbail” yeni baş məşqçisini tezliklə təqdim edəcək. Klub rəhbərliyi Şahin Diniyevlə yolları ayırmağı çoxdan düşünürdü və bu səbəbdən bir müddətdir namizədlərlə danışıq aparırdı.

Klub rəhbərliyi məşqçini meydanda tək qoymuşdu. Sponsorlar maliyyə dəstəyini azaltmış, hətta klubun geyimindən öz loqosunu sildirmişdi. Ötən mövsümkü heyəti saxlamayan “dənizçilər”, Diniyevə məhdud büdcə ilə yeni komanda formalaşdırmağa şərait yaratmışdı.

Şahin bəyin təkbaşına çabaları yetərli olmadı. Və o, klubda istənilmədiyini başa düşərək dünənki matçdan sonra istefa verdi. “Kəpəz”lə oyunda son dəqiqə ilə reallaşan məğlubiyyət Diniyevin yekun qərarı verməsi ilə nəticələndi. O, qovulmasını gözləmədi, özü getdi.

Yeni baş məşqçiyə gəlincə, qərar yaxın vaxtlarda veriləcək. Klub rəhbərliyi aylardır müxtəlif məşqçilərlə gizlicə görüşür, fikirlərini öyrənir, detalları müzakirə edirdi. Hamı yalnız Diniyevin vidasını gözləyirdi.

Əldə etdiyimiz məlumata görə, klub nümayəndələri Cavid Hüseynovla 3 dəfə görüşüb. “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi olan sabiq yarımmüdafiəçi yekun qərarını verməyib. 2023-cü ildə məhz Diniyevin çalışdırdığı “Səbail”lə mübarizədə sonuncu olan “Şamaxı”nın sabiq baş məşqçisi yenidən eyni aqibəti yaşamaqdan qorxur. Hazırda Bayıl təmsilçisinin durumu yaxşı deyil və Hüseynov karyerasının əvvəlində imicinə dəyəcək növbəti zərbədən ehtiyatlanır. O, qərblilərdəki işini daha yüksək posta dəyişməklə risk etməyə tələsmir.

Daha 3 məşqçinin adı “Səbail”lə yanaşı hallanır. Onların başında “Kəpəz”dən ayrılandan bəri işsiz olan Adil Şükürovdur. Mövsümün əvvəlində gəncəliləri tərk edən mütəxəssis ötən çempionatda komandanı xilas etməyi bacarmışdı. Bu səbəbdən “Səbail” rəhbərlyi onunla da görüşüb.

Digər namizədlər Tərlan Əhmədovla Yunis Hüseynovdur. Onlarla görüş olmayıb, amma təyinatları mümkündür. Xüsusilə Hüseynovun şansı daha çoxdur. “Səbail” onu seçməyib, o özü xidmətini klubun sponsorlarına təklif edib (tapşırtdırıb).

Bütün bunlar Diniyev baş məşqçi postunda olarkən reallaşıb. Şahin bəy komandanı uğursuz zolaqdan çıxarmağa çalışarkən rəhbərlik ona əvəzedici axtarırmış…

Shares: