Bəlkə hesab bir qədər böyük oldu, amma nəticə gözləniləndir. “Qarabağ” hər nə qədər ən güclü klubumuz olsa da, Avropanın sayılıb-seçilən klubları ilə başabaş mübarizə aparacaq səviyyədə deyil.
Təmsilçimiz sırf oyun baxımıından “Olimpik”dən geri qalmadı. Lionlular hər nə qədər əzəmətli görünsə də, adlı-sanlı futbolçulara sahib olsa da, ağdamlılardan bir baş üstün deyildilər. Lakin nəticə tam fərqli şeylər deyir, onun səbəbi isə sərf ustalıq səviyyəsi arasındakı fərq idi. Fransa klubu yarım epizodu qola çevirdiyi halda, “Qarabağın oyunçuları real şansları havaya sovurdu.
“Bodo Qlimt”lə oyunda bəxt “Qarabağ”ın tərəfində idisə, məğlubiyyətlərn qeydə alındığı görüşlərdə bunun əksini görmüşük. Sanki şempionumuz daha yaxşı çıxış etdiyi görüşlərdə nəticə qazana bilmir. Dünən də belə oldu. İki dəfə qapı dirəyini nişan aldıq, bir neçə epizodda əlverişli fürsəti qaçırdıq, rəqib isə heç bir şansı boşa vermədi.
Oyunun qırılma nöqtəsi ikinci qol oldu. Fransa klubu dəf edilməsi mümkünsüz zərbə ilə fərqi artırandan sonra “Qarabağ”ın xal ümidi bitdi. Sonra ardıcıl qollar vuruldu, ağdamlıların gücü təsəlliyə çatdı. Kəsəsi, nəticəni istək, əzmkarlıq, məşqçi gedişləri yox, məhz futbolçuların fərdi bacarığı müəyyənləşdirdi. Az qala hər futbolçusunun qiyməti ayrı-ayrılıqda “Qarabağ”ın büdcəsinə bərabər olan rəqib favorit olduğu matçı layiqli qələbə ilə başa vurdu.
“Qarabağ” digər komandaların qələbələri ilə 32-ci pilləyə endi. 36 komandanın yarışdığı turnirdə 24-lüyə düşmək imkanları tükənmiş deyil, lakin vəziyyəti yaxşı saymaq da olmaz. Təmsilçimiz bu ilin son matçında səfərdə “Elfsborq”u yenməli, daha sonra gələn il baş tutacaq iki oyunun planını tutmalıdır. Qalan 3 oyundan ikisində qələbə qazanılarsa, hədəfə çatmaq olar.
İstənilən halda, dünənki matç hələ böyüməli olduğumuzu göstərdi. Təkcə “Qarabağ” yox, digər klublarımız, ümumilkdə çempionatımız inkişaf etməli, daha rəqabətə davamlı komandalar yaratmalıyıq. Əks halda, aşağı-yuxarı indiki nəticələrlə kifayətlənməli olacağıq.
FƏRİD