Bu gün Misli Premyer Liqasında 15-ci tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, üç günü əhatə edəcək turda “Araz-Naxçıvan” – “Turan Tovuz”, “Sabah” – “Səbail”, “Şamaxı” – “Kəpəz”, “Zirə” – “Sumqayıt” və “Neftçi” – “Qarabağ” görüşləri baş tutacaq.

Qarşılaşmalar öncəsi komandalar arasında şəxsi görüşlərdə bəzi diqqətçəkən statistik məqamlar var.

– “Araz-Naxçıvan”la “Turan Tovuz” ötən mövsümdən qarşılaşmağa başlayıblar. Keçən mövsüm baş tutan bütün matçlarda qələbə qazanan tovuzlular ilk məğlubiyyətlərini cari mövsümün birinci dövrəsində alıblar. Həmin oyun Tovuzda təşkil olunmuşdu. Yəni “Araz-Naxçıvan” öz meydanında rəqibinə nə qol vura, nə də xal qazana bilib. Əvəzində Tovuz təmsilçisi bütün qarşılaşmalarda Naxçıvan komandasının qapısına yol tapmağa müvəffəq olub.

– “Sabah”la “Səbail” 25-ci dəfə üz-üzə gələcəklər. Vasili Berezutski “Sabah”ın “sükanı arxasında” debüt edəcəksə, Cavid Hüseynov “Səbail”in baş məşqçisi kimi ikinci oyununa çıxacaq. “Sabah” qarşıdakı görüşdə 3 qol vurarsa, “Səbail”lə qarşılaşmalardakı ümumi qol sayını 40-a çatdıracaq. “Səbail” son 4 səfər görüşündə qol üzünə həsrət qalıb. Komanda axırıncı dəfə bunu 3 il əvvəl – 2021-ci ildə bacarıb. Digər diqqətçəkən məqam tərəflərin son 7 qarşılaşmasında iki və ya daha çox qolun vurulmasıdır.

– “Şamaxı” ilə “Kəpəz” Premyer Liqada indiyə qədər 35 dəfə üz-üzə gəliblər. Birincilərin qələbə sayı rəqibindən iki dəfədən də çoxdur – 18:8. “Şamaxı”nın növbəti qolu gəncəlilərlə matçlarda 60-cı qol kimi yadda qalacaq. Komandanın son 7 qarşılaşmanın hər birində fərqləndiyini nəzərə alsaq, bunun reallaşma ehtimalının yüksək olduğunu görərik. Ancaq digər tərəfdən “Kəpəz” axırıncı 3 səfər görüşündə uduzmayıb. Gəncə klubunun axırıncı səfər qalibiyyəti 2017-ci ilin oktyabrına, yəni 7 il əvvələ təsadüf edib. Bu, həm də “Kəpəz”in yeganə səfər qələbəsidir.

– “Sumqayıt”ı qəbul edəcək “Zirə” meydanı 3 xalla tərk etməyi bacarsa, bu rəqibi üzərində çempionatda qazandığı 20-ci qalibiyyət olacaq. “Gənclik şəhəri” təmsilçisində bu say 6-dır. Qəsəbə təmsilçisi rəqibi önündə böyük üstünlüyə malikdir. Təsadüfi deyil ki, “Zirə” son 16 matçda “kimyaçılar”a uduzmayıb. Yəni sumqayıtlılar”ın 4 illik qələbə həsrəti var. 2015-ci ildən başlanan rəqabətdə “Sumqayıt” yeganə səfər qələbəsi sevincini isə 8 il əvvəl – 2016-cı ildə yaşayıb. Statistikaya nəzər yetirsək görərik ki, “Zirə” axırıncı 6 qarşılaşmada qapısının toxunulmazlığını qoruya bilib.

Qeyd: “Neftçi” – “Qarabağ” matçı ərəfəsində statistik məqamları başqa yazıda oxuya bilərsiniz.

Shares: