“Qarabağ”ın gürcüstanlı sabiq hücumçusu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində Bakıda Lion “Olimpik”inə uduzdu. 1:4 hesabı sizin üçün gözlənilməz olmadı? Ümumiyyətlə, bu hesabı ədalətli sayırsınız?

– Çətin oyun olacağını gözləyirdim. Açığı, maraqlı mübarizəyə şahidlik etdik. “Qarabağ” heç də pis təsir bağışlamadı. Hətta bir çox epizodlarda Fransa təmsilçisindən də yaxşı oyun sərgilədi. Sadəcə, yaratdıqları qol vəziyyətlərini məntiqi sonluğa çatdıra bilmədilər. “Qarabağ” 0:1 hesabı ilə geridə olanda Olavio Juninyonun iki real qol şansı oldu. Onlardan heç olmasa, birini dəyərləndirə bilsəydi, bəlkə də matç fərqli məcrada keçəcəkdi. “Qarabağ” “Olimpik”ə qarşı göstərdiyi oyuna görə 1:4 hesablı məğlubiyyəti haqq etmirdi.

– “Qarabağ” sizin oynadığınız dönəm də daxil olmaqla, həmişə qol imkanlarını lazımınca dəyərləndirə bilməmək problemi yaşayıb. Bunu necə aradan qaldırmaq olar?

– “Qarabağ”ın bu mövsüm avrokuboklarda keçirdiyi bütün oyunlara baxmışam. Hətta uduzduqları matçlarda belə, xeyli sayda real qol epizodu yaradıblar. Təəssüf ki, qol imkanlarını dəyərləndirmək baxımından ya bəxtləri gətirmir, ya da nədənsə alınmır. Bu cür oyunlarda qol fürsətlərindən istifadə edə bilmirsənsə, rəqib səni cəzalandırır. Çünki avrokuboklar tam fərqli səviyyə deməkdir. “Qarabağ” əldə etdiyi fürsətlərin heç olmasa, yarısını qola çevirə bilsəydi, turnir cədvəlində yuxarı pillələrdə olardı.

– Dünənki görüşdə “Qarabağ”ın heyətində daha çox hansı futbolçunun oyununu bəyəndiniz?

– Kevin Medina, Toral Bayramov və Juninyonu fərqləndirə bilərəm. Düzdür, Juninyo qol imkanlarını lazımınca dəyərləndirə bilmədi. Amma ümumilikdə pis təsir bağışlamadı.

– “Olimpik”də çıxış edən həmyerliniz Corc Mikautadze “Qarabağ”la oyunda dubl etdi. Necə düşünürsünüz, o, yaxın vaxtlarda daha güclü kluba keçə biləcək?

– Mikautadze çox yaxşı futbolçudur. Bütün fikrini rəqibin cərimə meydançasına daxil olmağa və qol vurmağa yönəldən hücumçudur. Fürsətləri dəyərləndirməyi yaxşı bacarır. “Qarabağ”la matçda da özünü göstərə bildi. Mikautadzenin daha agüclü komandada oynamaq potensialı var.

– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində 3 oyunu qalıb. Bu görüşlərdə keçmiş komandanızdan gözləntiniz nədir?

– Son 3 matça “Qarabağ” ancaq qələbə üçün çıxacaq. Dediyim kimi, komanda əslində yaxşı oyun göstərir. Sadəcə, epizodları lazımınca dəyərləndirə bilmir və çox qol buraxır. Buna görə də sonda məğlubiyyətlə üzləşir. Əminəm ki, “Qarabağ” son görüşlərdə ancaq qalibiyyət üçün oynayacaq. Necə olacağını zaman göstərəcək. Mən “Qarabağ”a Liqa mərhələsinin son 3 oyununda uğurlar arzulayıram.

FƏRİD

Shares: