“Sabah” Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün “Səbail”lə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn Masazır təmsilçisinin yeni baş məşqçisi Vasili Berezutskinin oyundan sonra mətbuat konfransı keçirilib. 42 yaşlı çalışdırıcı qarşıdakı matçlara hazırlaşıb, daha məzmunlu oyunlar göstərməyə çalışacaqlarını bildirib:

“Bugünkü oyun o qədər də asan olmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci hissədə bir az geridən oynadıq. İkinci qolu vurub, oyunu daha rahat bitirə bilərdik. Qarşıdakı matçlara hazırlaşıb, daha məzmunlu oyunlar göstərməyə çalışacağıq.

Hücum xəttimizin potensialı çox yaxşıdır. Amma digər mövqelər üzərində də işləyib, yuxarı pillədə qərarlaşan komandalara çatmağa çalışacağıq.

Rəhbərlik qarşımıza avrokuboklara vəsiqə qazanmağımızı qoyub. Bütün variantlarda buna çalışacağıq. Amma düşünürəm ki, bunun ən qısa yolu kuboklardan keçir.

Açığı, Murad Musayevlə danışmamışam. O, mənə mesaj yazıb uğurlar arzulamışdı. Onunla Azərbaycan futbolu haqda kateqoriya aldığımız vaxtlarda danışmışam. Demək olar ki, eyni ilə dediyi kimidir.

Təklif ani oldu. Çox düşünməyə vaxtım olmadı. Demək istəyirəm ki, “Sabah”ı çalışdırmaq mənim üçün şərəfdir, qürurdur.

Məncə, Azərbaycan futbolu inkişaf edir. Düşünürəm ki, infrastruktur da buna uyğundur. Burada futbolun inkişafı üçün digər klublarla birgə çalışıb, yaxşı nəticələr qazanacağımızı düşünürəm”.

Shares: