Basketbol üzrə Avroliqa turnirində 12-ci tura yekun vurulub.
Çempionatın lideri “Fənərbaxça” doğma arenada “Olimpiya Milano” komandasını qəbul edib. Oyunun əvvəlindən üstünlüyü ələ alan qonaqlar sona qədər bunu qoruyub saxlaya biliblər. Yalnız 3-cü periodun əvvəllərindən İstanbul klubu hesabda önə keçməyi bacarıb. Lakin bu da qısa müddətliyinə olub. İtaliya təmsilçisi 91:85 hesabı ilə qələbə qazanıb.
Görüşün ən məsuldar oyunçusu Mirotiç olub. Onun aktivində 29 xal var. Qonaq komandanın digər üzvü, Azərbaycan millisinin oyunçusu Zak Ledey 19 xal toplayıb. Bu məğlubiyyət nəticəsində “Fənərbaxça” çempionatda vahid liderliyi əldən verib.
İlk sıralarda yer alan “Bayern” isə “Srvena Zvezda” qarşısında aciz qalıb. Serbiya paytaxtında keçirilən görüş 101:77 hesabı ilə yekunlaşıb. Daha bir maraqlı nəticə “Panatinaikos”un evdə “Monako”ya məğlubiyyətidir – 88:91.
İlk iki hissədə xeyli öndə olmasına baxmayaraq “Anadolu Efes” Fransada “Villerban”a məğlub olub – 82:97.
12 turdan sonra “Fənərbaxça” və “Paris” komandalarının hərəyə 9 qələbəsi var. Son sıralarda isə “Virtus”la “Alba” qərarlaşıb.