“Neftçi”nin sabiq futbolçusu Mamadu Mbodj komandanın cari mövsümdəki çıxışını dəyərləndirib.

Seneqallı müdafiəçi futbolinfo.az saytına açıqlamasında nəticələrin məyusedici olduğunu bildirib.

Ancaq 31 yaşlı arxa xətt oyunçusu Samir Abasovun “ağ-qaralar”ı bu durumdan çıxaracağına inanır: “Neftçi”nin bütün oyunlarını izləməyə çalışıram. Təəssüf ki, bu mövsümkü nəticələr məni məyus edir. Ancaq Samir Abasovun qayıtmağı məni ümidləndirdi. Fikrimcə, rəhbərlik onu qaytarmaqla ən doğru addımını atdı. Abasov kluba çox yaxşı bələddir, komandanı idarə etməyi bacarır. Onun “Neftçi”ni əvvəlki gücünə qaytaracağına şübhəm yoxdur”.

Hazırda İsrailin “Hapoel” (Hadera) klubunda çıxış edən Mbodj Azərbaycana qayıtmaq variantına müsbət yanaşdığını gizlətməyib: “Düzü, “Neftçi”dən ayrılandan sonra Azərbaycandan təklifim var idi. Ancaq klubumla müqaviləm davam etdiyi üçün keçid baş tutmadı. Gələcəkdə belə bir imkan yaransa, bundan yararlanmağa çalışacağam. Təbii ki, təklifdən çox şey asılıdır”.

Qeyd edək ki, Mamadu Mbodj 2019-2023-cü illərdə “Neftçi”nin formasını geyinib, 2020-21 mövsümündə Azərbaycan çempionluğunu qazanıb.

Shares: