Azərbaycanda səfərdə olan futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini anıblar.

Futbolinfo.az xəbər verir ki, onlar Ümummilli Liderin məzarı önünə əklil qoyublar.

Dünyaşöhrətli futbolçuları tanınmış iş adamı Adnan Əhmədzadə müşayiət edib.

Daha sonra ulduz futbolçular Bakı Kristal Zalında fanatları ilə görüşüblər. Azarkeşlərin dünya futbolunun ulduzları ilə görüşündən əvvəl səhnədə “Natiq” ritm qrupunun çıxışı olub.

Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) konsert proqramını təqdim edib.

Dünya çempionu, 8 dəfə “Qızıl top” mükafatına layiq görülən Lionel Messinin futbol karyerasını əks etdirən filmin nümayişindən sonra isə Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba səhnəyə çıxıblar.

Ölkəmizin uşaq futbol komandalarının təmsilçilərinə bir çox gəncin arzuladığı imkan da yaradılıb. Gənc futbolçularımız dünyanın ən yaxşı futbolçusu Lionel Messi və komanda yoldaşlarına top ötürərək özlərini peşəkarlarla bir oyunun iştirakçıları kimi hiss ediblər.

Daha sonra futbol ulduzları gənc həmkarları və sağlamlıq imkanları məhdud uşaqlarla xatirə şəkli çəkdirib.

Ulduz futbolçular imzalı topları auditoriyaya atıblar. Futbol həvəskarları üçün bu idman bayramı məşhur “Morandi” qrupunun çıxışı ilə davam edib.

Minlərlə fanatın qatıldığı tədbirə Bakının uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhidlərimizin övladları da dəvət olunub.

“Bakıya səfərimdə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazandım” – deyə Bakı Kristal Zalında fanatları ilə görüşü zamanı əfsanəvi futbolçu Lionel Messi bildirib.

“Mən öz komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm”, – futbolçu vurğulayıb.

Tədbirə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.

Shares: