“Futbolçularımızın bəziləri cəzalı, bəziləri isə zədəli və xəstə idi. Demək olar ki, “Zaqatala” ilə oyuna 12 futbolçu ilə getmişdik. Ona görə də komandadan tam istifadə edə bilmədik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Karvan”ın baş məşqçisi Kənan Kərimov deyib.

O, “Zaqatala” ilə 2:2 hesablı bərabərlik haqda öz fikirlərini bölüşüb: “Səfərə 12 futbolçu ilə getməyimizə rəğmən, 3 xal qazanmaq istəyirdik. Matç boyunca futbolçularım əzmkarlıq və xarakter göstərdilər. İlk öncə hesabda geri düşsək də, bərabərliyi təmin etdik və önə keçdik. Lakin son saniyələrdə qapımıza penalti təyin olundu və oyun heç-heçə başa çatdı. Qələbə qazanmağı çox istəsək də, heç-heçə də pis nəticə deyil. Hazırda “Qəbələ”dən 4 xal geridəyik. Ancaq çempionat hələ uzundur və qarşıda çox oyun var. Heç kim deyə bilməz ki, “Qəbələ” xallar itirməyəcək. Mübarizəmizi sonuna qədər davam etdirəcəyik. Fasilədə komandamıza yeni futbolçular qoşulacaq və çalışacağıq ki, komandanı daha da gücləndirib liderlik uğrunda mübarizəmizi davam etdirək”.

GÜNAY SÜLEYMANOVA

Shares: