Braziliyanın “Flamenqo” klubunun “Qarabağ”dan Olavio Juninyonu transfer etmə səbəbi müəyyənləşib.
Futbolinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvard əslində Rio-de-Janeyro klubunun əsas hədəfi olmayıb.
Belə ki, “Flamenqo” rəhbərliyi üçün prioritet Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunun qolçusu Firmino olub. Yeni prezident Luiz Eduardo Baptista Braziliya millisinin üzvünü icarəyə götürməyə cəhd edib. Firmino özü də “Əl Əhli”dən ayrılmağı düşünür. Lakin braziliyalılar nə ərəblərin istədiyi məbləği, nə də Firminonun tələb etdiyi maaşı qarşılamaq iqtidarında olub.
Nəticədə B variantına əl atmaq qərarına gələn “Flamenqo” Juninyo üçün “Qarabağ”ın qapısını döyüb və transferi həyata keçirib.
Qeyd edək ki, Juninyonun transferi Azərbaycan çempionuna 5 milyon avro qazandırıb.