Gülağa Əsədov “Səbail”dən ayrıldığını və karyerasını “Mingəçevir”də davam etdirəcəyini açıqlayıb. 21 yaşlı yarımmüdafiəçi daha çox oynamaq üçün Premyer Liqanı I Liqaya dəyişib.

Bu haqda Əsədov futbolinfo.az saytına danışıb: “Öz təşəbbüsümlə “Səbail”dən ayrıldım. Daha çox şans qazanmaq üçün belə bir qərar verdim. Danışıqlar artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə rəsmi açıqlama veriləcək”.

Gənc futbolçu “Səbail” rəhbərliyinə anlayışlı yanaşdıqları üçün təşəkkür edib: “Səbail” rəhbərliyinə təşəkkürümü bildirirəm ki, komandadan ayrılmaq məsələmə müsbət yanaşıb, getməyimə icazə verdilər. Klubdan ayrılmağıma baxmayaraq, “hər zaman qapımız sənə açıqdır” dedilər”.

Yeni klubu “Mingəçevir” haqqında fikirlərini bölüşən Əsədov uyğunlaşma prosesinin müsbət keçdiyini vurğulayıb: “Hazırda “Mingəçevir”dəyəm. Uyğunlaşma prosesi yaxşı keçir. Gələcəkdə iddialı olmaq niyyətində bir klubdur. Komandanın uğuru üçün əlimdən gələni edəcəm. Hədəfim daha çox oynayıb, əsas heyət üzvü olmaqdır. Baş məşqçi məni harada görsə, orada əlimdən gələni etməyə hazıram. Ən əsası isə “Mingəçevir”lə birlikdə uğurlar əldə edib, elitaya vəsiqə qazanmaq istəyirəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: