“Turan Tovuz”un futbolçusu Faiq Hacıyev qasıq nahyəsində yırtıq əməliyyatından sonra vəziyyəti və qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.

Gənc müdafiəçi futbolinfo.az saytına açıqlamasında bərpa prosesinin uğurla keçdiyini bildirib: “Əməliyyatdan sonra hər şey qaydasında getdi. Həkimlər və məşqçi heyəti sağ olsun, düzgün proqram hazırladılar. Fiziki durumum normaldır. İnşallah, gün keçdikcə, oynadıqca daha yaxşı olacağam. Şükür ki, komandaya qoşulmağım çox uzun çəkmədi. Amma nə qədər az da olsa, məşqlərə kənardan baxmaq bir az adamı üzür. Sən də məşqlərin içində olmaq istəyirsən. Buna baxmayaraq, sevinirəm ki, tez bərpa ola bildim”.

Hacıyev “Qarabağ”la qarşıdakı oyunla bağlı fikirlərini də açıqlayıb: “İki gün sonra “Qarabağ”la qarşılaşacağıq. Hər oyuna olduğu kimi, yenə maksimum güclə hazırlaşırıq. “Qarabağ”ın gücünə bələdik və səfərdən qələbə ilə qayıtmağı düşünürük. Meydanda qələbə qazanmaq üçün mübarizə aparacağıq. Nə baş verəcəyini oyundan sonra görəcəyik. Oyunda iştirak edib-etməyəcəyimə məşqçi heyəti qərar verəcək. Mən də bunu oyun günü biləcəyəm. Lakin özümü hazır hiss edirəm. İnşallah, hər şey bizim üçün yaxşı olar”.

GÜNAY SÜLEYMANOVA

Shares: