“Ötən il bu günlərdə “Kəpəz”də idim. Komandanın meydana çıxdığı 9 turun hamısında start heyətdə oldum. Oyun təcrübəsi toplayırdım, özümə gəlirdim. Həmin komandada olan Mate Kvirkviya, Georgi Papunaşvili, Junior Martins kimi futbolçularla rəqabət apara bilirdim. Onlar hamısı güclü futbolçular idi, amma bir yerli oyunçu kimi onlarla mübarizə aparırdım. Buna hər kəs şahid idi. Sonra Azər Məmmədov öz istəyi ilə istefa verdi. Adil Şükürov gələndə isə mənə zəng elədi, bildirdi ki, özünə komanda tap, biz yeni vinger gətiririk”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İmişli”dən ayrılıb “Şəfa”ya keçən Elnur Cəfərov deyib.

Yarımmüdafiəçi əvvəlcə “Kəpəz”dən “İmişli”yə gəlçəsindən danışıb: “Gəncədə dedilər ki, istəyirsənsə, səni I Liqada mübarizə aparan “İmişli”yə icarəyə verək və orada da oyununu izləyəcəyik. Əvvəlcə razılaşmadım. Dedim ki, 17 turun 11-də start heyətdə, qalanında isə sonradan meydana girmişəm. Təcrübəm artıb, yanvardan sonra komandaya daha çox xeyir verə bilərəm. Səbəbin bilmirəm, amma meydana çıxmayan, təcrübəsi olmayan oyunçuları komandada saxladı, məni isə göndərdi. Açığı, ayrılmağa razılaşmırdım, amma 3-cü məşqçi zəng edib əvəzedici heyətə gedəcəyimi deyəndə orada oynamaq istəmədiyim üçün “İmişli”ni seçdim. Onlarla danışıq apardım, ilin sonuna qədər icarə müqaviləsi imzaladıq. Əsgər Abdullayev baş məşqçi olduğu dönəmlər idi. Amma bir dəfə də olsun Adil Şükürov və ya köməkçiləri mənə zəng etmədi. Onlar söz versələr də, sözlərinə əməl etmədilər. Mən isə belə görmüşəm ki, deyilən sözə əməl etmək lazımdır. Halbuki “İmişli”də yaxşı mövsüm keçirdim, kluba xeyrim dəydi. Amma Allah heç kimin haqqın yerdə qoymaz, kiminsə haqqına girmək doğru deyil. Elə oldu ki, Adil Şükürov da oradan getdi və yerinə təzə məşqçi gəldi. Heç nə dəyişmədi”.

Daha sonra təcrübəli futbolçu “İmişli”də ona yaradılan problemlərdən söz açıb: “Mən İmişli təmsilçisindən ayrılmaq məsələsində özümdə nə qədər səhv axtarsam da, tapa bilmirəm. Bizim futbolumuzda azərbaycanlı oyunçulara qarşı bu qədər rahatlıqla haqsızlıq edilməməlidir. Çünki həmin oyunçuları itirməli deyilik, qazanmalıyıq. Yerli futbolçulara qarşı hörməti təkcə Azər Məmmədovun “Kəpəz”də olduğu dönəmdə gördüm. O, bizə çox yaxşı dəyər verirdi. Onunla işləmək qürurverici idi. “İmişli”də mövsüm başa çatdı və baş məşqçi dəyişdi. Yeni gələn çalışdırıcının adı Fərid Namazov idi və mən onun kim olduğunu bilmirdim, tanımırdım. Gələndən sonra mənə zəng elədi ki, istəyirəm burada olasan, hədəflərimiz var, Premyer Liqaya qalxmaq istəyirik. Bu danışıqlardan sonra komandanın rəhbəri ilə görüşdüm və o da eyni şeyləri dedi. Bir illik müqavilə bağladıq və orada qaldım. Sözlər və vədlər verildi. Söz böyük bir şeydir və kimsə onu deyirsə, əməl etməlidir. Çempionata pis başladıq, amma sonradan özümüzə gəldik, qələbələr, xallar qazandıq. Mənim də məqsədim burada çempionluğa oynamaq idi. Yəni meydana çıxdığım bütün matçlarda komanda üçün maksimum gücümü qoydum. “Qəbələ” kimi rəqiblə səfərdə heç-heçə etdik. Yaxşı nəticə idi. Öz mövqeyimdə oynamırdım, amma məsuliyyətdən də qaçmırdım. Beşli müdafiənin solunda çıxış edirdim. Hansı ki, bu mövqedə heç vaxt oynamamışam. Kluba gələndə demişdim ki, qapıya da qoysanız, oynayacam. Amma məşqçiyə dedim ki, öz mövqeyimdə oynasam, daha çox xeyir verərəm. Daha sonra səbəbsiz yerə məni heyətə salmadı. Bundan sonra xallar itirməyə başladıq. Azarkeşlər də baş məşqçinin üstünə düşdü ki, niyə Elnuru oynatmırsan? Hər kəs mənə hörmət qoyurdu. Heç kəsə azarkeşlər o cür yanaşmırdı, bu da oyunumla bağlı idi. Çox böyük dəstək görürdüm. Baş məşqçi kimi onun ilk ili idi və səhvlər edə bilərdi. Amma bu səhvi özündə axtarmaq lazımdır. Elə oldu ki, azarkeşlər də, rəhbərlik də narazılıq etdi. Hansı ki, “Mingəçevir”lə oyunda meydana çıxmadım və komanda xal itirdi. Ondan əvvəl 90+4-cü dəqiqədə qol vurmuşdum və qalib gəlmişdik. Məşqçi öz bildiyini elədi. Mən o komandada bir çox futbolçulardan zəngin karyeraya malikəm. Ən çox üzüldüyüm şey komandanın xal itirməsi idi. Amma yenə də etiraz etmədim, dedim ki, siz baş məşqçisiz, mən futbolçu, siz qərar verirsiz, mən də oynamamağa görə üzülürəm və bu, normal haldır. Amma xal itirməyə görə çox üzüldüm, çünki çempionluq üçün oraya gəlmişdim”.

Elnur vəziyyətin növbəti matçlarda da dəyişmədiyini deyir: “Sonrakı turda “Difai” ilə üz-üzə gəldik və qol ötürməsi etdim. Vurulan qolla 1:0 hesablı qələbə qazandıq. Qolda payım olsa da, növbəti turda “Cəbrayıl”la oyunda “11-lik”də olmadığımı gördüm. İstər-istəməz oyundan qabaqkı məşqlərdə meydana çıxacaq 11 futbolçu bilinir. Amma rotasiya etdiyini dedi və məni oynatmadı. Bu qərarlar məni məşqlərdən soyutdu. Komandanın ikinci kapitanı idim, əsas kapitan isə Tərlan Quliyev. Əgər mənim kimi oyunçunu meydana buraxmayacaqsansa, yaxınlaşıb normal şəkildə bildirə bilərsən və danışmaq mümkündür. Amma o, eqosuna qapılaraq bunu etmədi. Həmin oyunda sona 10 dəqiqə qalmış meydana buraxdı və heç nə edə bilmədim. Xal itirdik. Düşünürəm ki, o, məni oynatmamaqla matçı udmaq və “Elnursuz xal qazandıq” düşüncəsi yaratmaq istəyirdi, amma alınmadı. Mən Con Toşak, Mustafa Dənizli, Robert Prosineçki kimi məşqçilər görmüş futbolçuyam. Az-çox hansı məşqçinin nə etmək istədiyini bilirəm. Xal itirdik və 8 xallıq fərq yarandı. Çempionluğun əldən getdiyini artıq hamı dərk edirdi. Mən də bununla razılaşmışdım, çünki onlar məndə psixoloji gərginlik, ruh düşkünlüyü yaratmışdı. Dekabrın 31-dən sonra başqa adamlardan xəbər tutdum ki, məni komandada görmək istəmir. Fərid Namazov ora gələndə mənə vədlər, sözlər vermiş adamdır. Zəng edib deyə bilərdi ki, səni komandada görmək istəmirəm, necə ki, bunu Adil Şükürov “Kəpəz”ə gələndə eləmişdi. Mən onu səhvlərinə görə qınamıram. Komandada olanda da bir dəfə olsun ona yaxınlaşıb demədim ki, məni niyə oynatmırsan? Narazılığımı ruh düşkünlüyü ilə göstərirdim, amma baş məşqçi olduğu üçün hörmətsizlik edib soruşmurdum”.

Elnur “İmişli”dən necə ayrılmasından da danışıb: “Orada mənə qoyulan hörmət təkcə Fərid Namazovu yox, bəzi oyunçuları da narahat edirdi. Qış fasiləsindən sonra komandaya qayıtdım, məşqlərə qoşuldum. Amma baş məşqçi yaxınlaşıb mənə bir kəlimə demədi. Gəlib danışmadı. Sonra ikinci məşqçi yaxınlaşdı ki, bəs, sən komandadan ayrı məşq edəcəksən. Niyə? Səbəb yoxdur. Heç kim bir düz-əməlli səbəb demir. Mənə baş məşqçi desə ki, burada qalma, gedərəm. Özümə hörmət edən futbolçuyam. O isə vəzifəsindən istifadə edən biridir və ona görə də belə qərar verdi. Rəhbərlik məni çağırdı, komandada qalmağımı, səbrli olmağımı istədilər. Mən də onlarla halallaşdım. Çünki rəhbərlik daim mənə dəstək olurdu, həmişə yanımda idilər. Onlardan heç zaman hörmətsizlik görmədim. Aldığım pulun haqqını həmişə vermişəm. Bəzi futbolçular özlərini yalandan zədəli göstərib 2 həftə oynamırdılar. Amma mən bir dənə də olsun məşq buraxmırdım. Bəzən çox fədakarlıq hörmətsizliyə gətirib çıxarır. Lazımi insanlarla halallaşdım və ayrıldım. Bəzi insanları Allaha tapşırıram. Bunları danışmağımın səbəbi odur ki, insanların həqiqəti bilməsini istəyirəm. Çünki baş məşqçi düz-əməlli səbəb olmadan belə etdi və mən klubdan ayrıldım. O, gəlib mənimlə söhbət edə bilmədi. “Şəfa”ya gəldiyim üçün də peşman deyiləm. Ümid edirəm ki, burada uğur qazanacam. Əlimdən gələni edəcəm”.

FƏRİD

Shares: