“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının sonuncu turu çərçivəsində bu gün “Olimpiakos”un qonağı olacaq. Bu görüşdəki şansları necə dəyərləndirirsiniz? “Qarabağ” Liqa mərhələsindəki çıxışını uğurlu nəticə ilə tamamlaya biləcək?

– “Qarabağ”ın pley-offa yüksəlmək şansı qalmayıb. Amma öz adımıza, reytinqimizə görə yaxşı oyun göstərmək, xal və ya xallarla geri dönmək lazımdır. Bilirik ki, bu, çox çətin olacaq. Buna baxmayaraq, “Qarabağ” mümkün qədər Liqa mərhələsindəki çıxışını yaxşı nəticə ilə tamamlamaq istəyəcək. Bunun üçün də əlindən gələni edəcək.

– “Olimpiakos” “Qarabağ”a tanış rəqibdir. Əvvəlki qarşılaşmalarını müqayisə etsək, komandaların oyun planında və gücündə çox dəyişiklik baş verib?

– Bəli, “Olimpiakos” tanış rəqibdir. “Olimpiakos” həmişə öz adından söz etdirən, köklü komandadır. Yetərli qədər güclü, keyfiyyətli futbolçuları var. Üstəlik, “Qarabağ”la evdə qarşılaşacaqlar. Həqiqətən də, bizi çox ağır görüş gözləyir. Amma inanıram ki, “Qarabağ” ən yaxşı oyunlarından birini göstərəcək. Komandamız Bakıya xal və ya xallarla dönə bilər. Çətin matç olsa belə, əlimizi yanımıza salmamalıyıq. Pley-off şansımız qalmasa da, Juninyo kimi önəmli oyunçu “Qarabağ”dan ayrılsa da, meydana çıxacaq hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməlidir. Çünki onları izləyəcəklər. Üstəlik, yaxşı nəticə “Qarabağ”ın reytinqini qaldıracaq. “Qarabağ”ın reytinqi aşağı düşməməlidir, bu komandanın adı var. Əminəm ki, futbolçular meydana çıxıb ən yaxşı oyunlarını göstərəcəklər.

– Əvvəl əsas qol ümidimiz Juninyo sayılırdı. Onun “Qarabağ”dan getdiyinizi nəzərə alsaq, bugünkü matçda kimdən qol gözləyirsiniz?

– Juninyonun gedişi böyük itkidir. Azərbaycana gəlmiş-keçmiş ən yaxşı hücumçularından biri idi. Amma nə etmək olar?! Yaxşı təklif gəldi, getmək istədi. Bilirsiniz ki, Qurban Qurbanov getmək istəyən adamı heç vaxt saxlamır. Kimsə ona getmək istədiyini desə, Qurban müəllim gedişinə şərait yaradır. O, hər hansı bir futbolçunun “Qarabağ”da könülsüz qalmağını istəmir. Üstəlik, Juninyonun gedişindən “Qarabağ” yaxşı pul qazandı. Bugünkü görüşdəki qol ümidimizə gəlincə, bu, Musa Qurbanlı və Nəriman Axundzadədir. Musa son matçda qol vurub. İnanıram ki, şans verilsə, yenə fərqlənməyə çalışacaq. Bəli, onlar Juninyo deyillər. Amma yenə də hər ikisi özünü göstərməyə, Avropaya çıxmaq üçün veriləcək şansdan lazımınca yararlanmağa çalışacaq.

– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində 7 oyundan cəmi 1-də qalib gələcəyini yəqin ki, siz də gözləmirdiniz. Uğursuz çıxışı nə ilə əlaqələndirərdiniz?

– Açığı, Liqa mərhələsindəki hər bir oyunu yaxşı keçirdilər. “Ayaks”, “Tottenhem”, “Olimpik Lion” və ya başqa komandalar olsun, hamısı ilə görüşdə “Qarabağ” yaxşı təsir bağışladı, yetərli qədər qol şansı yaratdı. Sadəcə, şanslardan istifadə edə bilmədilər. Bu da təcrübəsizlikdən və futbolçu keyfiyyətinin az olmasından irəli gəlir. Əgər qol imkanlarından maksimum istifadə edə bilsəydik, indi bu haqda yox, pley-offa çıxmaq barədə danışırdıq. Şanssızlıq, qol imkanlarından lazımınca yararlanmamaq yekunda bu yerə gətirib çıxartdı.

– Hazırda belə fikir formalaşıb ki, “Qarabağ”da heyətlə bağlı mütləq dəyişikliklər olmalıdır, çünki bəzi futbolçular yaşlanıblar. Bu fikirlə razısınız?

– Ən doğrusunu Qurban müəllim bilir. Mən də belə müzakirələri izləyirəm, mətbuatdan oxuyuram. Deyirlər onu elə etmək, bunu belə düzəltmək lazımdır. Vallah, Azərbaycana gəlmiş-keçmiş ən yaxşı məşqçi Qurban Qurbanovdur. Həm xarakterinə, həm insani keyfiyyətlərinə, həm də məşqçilik savadına görə ən yaxşısı Qurban müəllimdir. İnanmıram ki, bundan sonra kimsə onun nəticələrini təkrarlasın. Başa düşürəm, azarkeşlərin gözləntisi daha çoxdur. Amma ən doğru qərarları Qurban müəllim verir. “Qarabağ”ın bu yerlərə gəlib çıxmasında, futbolçuların alınması və satılmasında əsas pay sahibi odur. Ən ucuz variantda futbolçunu alır və ən baha qiymətə satır. Həm kluba pul qazandırır, həm də Azərbaycanı Avropada tanıtdırır. Bu məqamlar böyük üstünlükdür. Onun işinə heç kim qarışa bilməz. Hansı futbolçuların getməli olduğunu və ya kimlərin alınmasının “Qarabağ”a xeyir verəcəyini ən yaxşı Qurban müəllim başa düşür.

ABBAS

Shares: