Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində sonuncu oyununu “Olimpiakos”a qarşı keçirdi və 0:3 hesabı ilə uduzdu. Bu hesabı gözləyirdiniz?

– İlk hissə qolsuz heç-heçə ilə nəticələnsə də, ikinci yarıda rəqib 3 qol vurdu. Buna baxmayaraq, “Qarabağ” oyunu pis keçirmədi. Yenə ustalıq səviyyəsi öz sözünü dedi. “Qarabağ”ın heyətində problemlər var. Juninyonun getməsi, bir neçə futbolçunun zədə alması nəticəyə təsirini göstərdi. “Qarabağ” bütün bunlara rəğmən, güclü heyətə malik “Olimpiakos”a qarşı səfərdə lazımi səviyyədə oyun nümayiş etdirə bildi. Hesab heç kimi yanıltmasın, “Olimpiakos” qələbəni asanlıqla əldə etmədi.

– Əvvəlki matçlarla müqayisədə bu dəfə ön xətdə rəqib müdafiəçiləri təzyiqdə saxlaya bilmirdik. Bu, sırf Juninyonun gedişi ilə bağlıdır, yoxsa başqa səbəblər də var?

– Juninyo rəqib müdafiəçilər üçün başağrısı idi. Qollar vurur, təzyiq yarada bilirdi. Juninyo bu görüşdə iştirak etsəydi, “Olimpiakos”un müdafiə xətti təzyiq altında olacaqdı. Amma braziliyalı hücumçunu gedişinə görə qınaya bilmərik. Yaxşı təklif gəldi, o da dəyərləndirdi. Bu, Juninyodan əlavə, “Qarabağ” üçün də yaxşı məqamdır ki, onun futbolçusu başqa kluba transfer olunur. Lakin bu, faktdır ki, Juninyo oynasaydı, yunanların işi çətin olacaqdı. Bu görüşdə onun yeri görünürdü.

– “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin bu görüşdəki çıxışını necə dəyərləndirirsiniz? 3 qol buraxsa da, bir neçə dəfə komandasını qoldan xilas etdi…

– Koxalski oyunu pis keçirmədi. Gənc qapıçıdır, ümumilikdə pis təsir bağışlamır. 24 yaşı var, onun üçün Avropa Liqasında oynamaq böyük təcrübə idi. “Qarabağ”da özünü daha yaxşı tərəfdən göstərmək üçün hələ çox şans qazanacaq. Mən Koxalskini bəyənirəm, meydanda sərbəstdir, qapıda rahat dayanır. Avrokubok təcrübəsi ümumilikdə az olsa da, iştirak etdiyi matçlarda özünü yaxşı tərəfdən göstərməyi bacardı.

– “Qarabağ” Liqa mərhələsində keçirdiyi 8 görüşdə cəmi 3 xal topladı. Sizə görə, bu mərhələdə uğursuz çıxışın əsas səbəbləri hansılardır?

– “Qarabağ” 3 xal toplasa da, ümumilikdə pis təsir bağışlamadı. Güclü rəqiblərlə qarşılaşdılar. “Qarabağ” kimi, rəqibləri də xallar qazanmaq istəyirdilər. Əsas odur ki, “Qarabağ” bu görüşlərdə yaxşı oyun nümayiş etdirdi. Hər bir komandaya qarşı istəkli və əzmkar futbol oynadı. Məncə, çıxışı uğursuz adlandırmaq düzgün olmaz. Əllərindən gələni etdilər, bacardıqlarını göstərdilər. Yenə də deyirəm, qarşılaşdığı komandaların hər biri adlı-sanlı rəqiblər idi. “Qarabağ” onlara çətin anlar yaşada bildi. Bir də onu qeyd edim ki, bu, “Qarabağ”ın format dəyişikliyindən sonra avrokuboklarda birinci ili idi. İnanıram ki, növbəti illərdə bundan da istəkli, bundan da təcrübəli “Qarabağ” görəcəyik.

FƏRİD

Shares: