“Qarabağ”ın sabiq futbolçusu Elvin Məmmədovun futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” “Olimpiakos”a 0:3 hesabı ilə uduzaraq, avrokubokların 2024/2025 mövsümünə məğlubiyyətlə yekun vurdu. Oyunla bağlı fikriniz necədir?
– “Qarabağ” ilk hissədə daha yaxşı təsir bağışladı. İkinci hissədə komandanın futbolçu baxımından gücsüz olması hiss edildi. Həqiqətən də, Juninyonun gedişi komandaya çox təsir edib. Buna görə də səfərdə “Olimpiakos”a məğlub oldular. “Qarabağ” bura qədər gəlməklə Azərbaycan futbolunu yaxşı təmsil edib. Bu komanda Azərbaycan futbolunu daha yaxşı yerlərə gətirib. İnanıram ki, bundan sonra daha yaxşı nəticələrə imza atacaqlar.
– Juninyonun yoxluğunun komandaya çox təsir etdiyini bildirdiniz. Bəs, onun mövqeyində meydana çıxan Nəriman Axundzadənin çıxışı haqda nə deyə bilərsiniz?
– Qol epizodları yarımçıq qalırdı. Həqiqətən də, Marko əla ötürmələr verirdi. Sadəcə, Nərimanın təcrübəsizliyi ona mane olurdu. Bəzi epizodlarda soyuqqanlı davransaydı, daha effektli olardı. Biz Juninyonun sürətinə, keçidlərdə daha yaxşı oynamasına öyrəşmişdik. Bu mənada, onun yoxluğu “Qarabağ”a çox təsir etdi. Axundzadəyə gəldikdə, o, belə böyük matçlarda daha da “bişəcək”, gələcəkdə daha güclü hücumçuya çevriləcək.
– “Qarabağ” Liqa mərhələsində keçirdiyi 8 görüşdə cəmi 3 xal qazandı. Nəticənin uğursuz olmasının səbəbləri hansılardır?
– Məncə, bəxt də “Qarabağ”ın tərəfində deyildi. Çünki elə oyunlar oldu ki, “Qarabağ” həmin matçlarda çox yaxşı təsir bağışladı. Sadəcə, qol epizodları yaratsalar da, həmin epizodları dəyərləndirə bilmirdilər. Məncə, “Qarabağ” Liqa mərhələsində pis çıxış etmədi. Desək ki, hər bir rəqibə təslim oldu və ya rəqibləri təkqapı oynadılar, elə şey olmadı. “Qarabağ” hər bir rəqibinə qarşı yaxşı oyun göstərdi. Dediyim kimi, yaxşı epizodlara girirdilər, amma onları qola çevirə bilmirdilər. Əsas səbəb kimi bu məqamı qeyd edərdim.
– Cari mövsümdən avrokuboklarda tətbiq edilən liqa mərhələsi formatını bəyəndiniz? Formatın yenilənməsi “Qarabağ”ın pley-offa yüksələ bilməməsinin səbəblərindən biri ola bilərmi?
– Azarkeşlər və futbol ictimaiyyəti üçün bu format çox oyun keçirildiyinə görə yaxşıdır. Ancaq futbolçuların çox oyun keçirməsi bəlkə bir az yorucu ola bilər. Ümumi götürsək, maraqlı formatdır. Bu formatın tətbiq olunmasında məqsəd odur ki, bir az zəif komandaların evdəki matçlarda xal qazanmaq şansı artsın, onlar xallar toplayaraq növbəti mərhələyə adlaya bilsinlər. Pis format deyil.
– Yassin Benzia və Elvin Cəfərquliyevin də adı başqa klublarla birgə çəkilməkdədir. Juninyodan sonra onlar da getsələr, “Qarabağ”ın işi daha da çətinləşməyəcək?
– Gedişləri bu gün üçün “Qarabağ”a çox mənfi təsir göstərər. Amma əvəzolunmaz futbolçu yoxdur. “Qarabağ”dan o qədər yaxşı futbolçu gedib ki… Onlar gedəndə də çox danışılıb ki, bunların yerini heç kim doldura bilməyəcək. Amma yerlərinə gələn futbolçular “Qarabağ”a onlardan da çox töhfə veriblər.
AĞA