“Gərgin və maraqlı oyun keçdi. Hər iki komanda sona qədər mübarizə apardı. “Araz-Naxçıvan” yaxşı rəqibdir və bunu meydanda da göstərdi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”ın futbolçusu Roi Kehat deyib.

Yarımmüdafiəçi “Araz-Naxçıvan”la (0:0) qarşılaşmada əsas məqsəslərinin 3 xal qazanmaq olduğunu bildirib: “Kifayət qədər qol imkanlarımız var idi. Bəzi epizodlardan istifadə edə bilmədik, hətta penalti qaçırtdıq. Hər iki komanda qol vurmaq üçün imkanlar qazansa da, hesab açılmadı. Əsas məqsədimiz 3 xal qazanmaq idi, lakin yekunda 1 xalla kifayətlənməli olduq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edərək daha çox xal toplayacağıq. Bu oyunu unudub, tam olaraq növbəti matçlara köklənməliyik”.

32 yaşlı israilli futbolçu qarşıdakı oyunlara da toxunub. O, xüsusilə komandanın Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”la keçirəcəyi vacib matç haqda danışıb: “Onlarla keçən həftə də qarşılaşmışdıq. “Sabah” Azərbaycanın ən güclü komandalarından biridir və bunun fərqindəyik. İki matçda da onları məğlub etmək üçün əlimizdən gələni edəcəyik. Komanda olaraq daha yaxşı hazırlaşmalı və səhvlərimizi minimuma endirməliyik. Rəqibimiz güclüdür, amma biz də qələbə qazanmaq üçün meydanda sona qədər mübarizə aparacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: