Misli Premyer Liqasının 21-ci turu bir çox məqamlarla yadda qaldı. “Kəpəz” sürpriz qələbə sayəsində sonuncu pillədən qurtuldu, hətta 8-ci pilləyə yüksəldi. Tur liderin ardıcıl ikinci məğlubiyyəti, “Neftçi”nin qələbəsi ilə yadda qaldı. İki görüşdə isə heç-heçə qeydə alındı.
“Kəpəz”i sonuncu pillədən qurtaran qələbə
“Kəpəz”in qonağı olan “Sabah” matçın favoriti sayılırdı. Qonaqların görüşə erkən qolla başlaması paytaxt klubunun oyundan 3 xalla ayrılacağını düşünənlərə əminlik verdi. Rauf Hüseynlinin cərimə meydançası daxilində topa əllə toxunması “Kəpəz” qapısına təyin olunan penalti ilə nəticələndi və Pavol Safranko fürsəti qaçırmadı.
Lakin “Sabah”ın hesabdakı üstünlüyü cəmi 5 dəqiqə çəkdi. Qapıçı Yusif İmanovun kobud səhvindən sonra “Kəpəz”in legioneri Mahamadu Ba topu boş qapıya göndərdi.
Fasilə ərəfəsində Cesse Sekidika komanda yoldaşı Tellur Mütəllimovun ötürməsini qola çevirərək, “Sabah”ı yenidən hesabda önə keçirdi. Ancaq bu dəfə də qonaqların üstünlüyü çox çəkmədi. İkinci hissənin 10 dəqiqəsi tamamlanmamış “Kəpəz” yenidən status-kvonu bərpa etdi. Əli Səmədov başla fərqlənərək, adını tabloya yazdırdı.
63-cü dəqiqədə “Sabah”ın müdafiəçisi İqor Noqeyra kobud səhvə yol verərək, həm penaltiyə səbəb oldu, həm də ikinci sarı vərəqəni alaraq komandasını meydanda azlıqda qoydu. Ağ nöqtəyə yaxınlaşan Rauf Hüseynli isə şansı qaçırmayaraq, ilk hissədəki “günahını yudu”.
10 nəfərlə qalan “Sabah” sonrakı dəqiqələrdə heç nə edə bilmədi və matç “Kəpəz”in əzmkar qələbəsi ilə nəticələndi. Bu qalibiyyət Gəncə klubunun canını sonuncu pillədən qurtarmasına şərait yaratdı.
“Şamaxı”nın dəyişməyən taleyi
İlk oyun gününün ikinci matçı “Neftçi” ilə “Şamaxı” arasında keçirildi. “Ağ-qaralar”ın baş məşqçisi Samir Abasov bu dəfə qapını qorumağı və kapitanlıq sarğısını Emil Balayevə deyil, Rza Cəfərova tapşırmışdı.
“Neftçi” matça həvəsli başlasa da, ilk təhlükəli hücum qonaqlardan gəldi. Leroy Mikels yaxın məsafədən fərqlənə bilməyərək, əlinə düşən imkanı qaçırdı. 40-cı dəqiqədə meydan sahibləri topu rəqib qapısından keçirsələr də, hakim Filip Ozobiçin ofsayddan fərqləndiyini əsas gətirərək, qolu hesaba almadı.
Bununla belə, Samir Abasovun komandası fasiləyədək hesabı açmağı bacardı. İlk hissədə əlavə olunmuş dəqiqələrdə “Şamaxı”nın yeni transferi Alfons Msanqa cərimə meydançası daxilində Emin Mahmudova qarşı kobud oynadı. Təyin edilən penaltini zərərçəkən özü yerinə yetirdi. “Şamaxı”nın qapıçısı Rikardo Fernandes topun istiqamətini düz tapsa və onu dəf etməyə çalışsa da, qaytarmaq istədiyi top qapıdan keçdi. Bu epizodda “Neftçi”nin və Eminin bəxtinin gətirdiyini demək olar.
İkinci hissədə hər iki komandanın təhlükəli hücumları oldu. “Neftçi”nin ifasında qol vəziyyətləri daha təhlükəli alındı. Epizodların birində Mustafa Sekin zərbəsinin qarşısını qapı tiri kəsdi. Digər epizodda isə Emin Mahmudovun ifasında cərimə zərbəsi əla alınsa da, “Şamaxı”nın qapıçısı Rikardo Fernandes əla reaksiya göstərdi.
Hesabdakı üstünlüyünü sonadək qoruyan “Neftçi” meydandan vacib 3 xalla ayrılmağı bacardı. “Şamaxı” isə çempionatın ikinci yarısında 1 top fərqli məğlubiyyətləri sıralamaqda davam edir.
Autsayderdən uğurlu gedişat: 3 oyun, 7 xal
Ötən tur qələbə qazanan iki komanda – “Qarabağ”ı üstələyən “Turan Tovuz” və “Kəpəz”ə qalib gələn “Səbail”in dueli maraqla gözlənilirdi.
Matç hər iki komandanın sürətli hücumları ilə başladı. İlk qolu görmək üçün 29 dəqiqə gözləmək lazım gəldi. Aleks Souzanın ötürməsini Alexandro Serrano dəqiq zərbə ilə tamamladı.
Fasiləyə az qalmış isə “Turan Tovuz”un planı korlandı. 45-ci dəqiqədə tovuzluların yeni transferlərindən olan Kauan Martins qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırıldı.
10 nəfərlə qalan “Turan Tovuz”un hesabdakı üstünlüyünü ikinci hissədə qoruya bilib-bilməyəcəyi maraqla gözlənilirdi. Meydan sahibləri çox çalışsalar da, istəklərinə nail olmadılar. 82-ci dəqiqədə “Səbail”in qurduğu baxımlı kombinasiyanı komandanın liderlərindən olan Madi Queta dəqiq zərbə ilə tamamladı. Bu qol “dənizçilər”ə Tovuz səfərində 1 xal qazandırdı.
Yeri gəlmişkən, Cavid Hüseynovun komandası çempionatın ikinci yarısına əla başlayıb. Bunu 3 oyunda toplanan 7 xal təsdiqləyir. “Səbail” bu formada davam etsə, tezliklə sonuncu pillədən qurtulacaq.
Sumqayıtda qol səsi çıxmadı
“Sumqayıt” – “Araz-Naxçıvan” matçı turun qol vurulmayan yeganə qarşılaşması oldu. Hərçənd ki, oyunun əvvəlindəcə hesab açıla bilərdi. “Sumqayıt” penalti vurmaq hüququ qazansa da, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram yaxşı oynayaraq, qapı dirəyinin də köməyi ilə Rövlan Muradovun zərbəsini dəf etdi.
Naxçıvan klubunun da fasiləyədək hesabı açmaq üçün fürsətləri oldu. Epizodların birində Mustafa Əhmədzadənin zərbəsini meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov dəf etdi.
İkinci hissədə də hər iki komandanın fərqlənmək üçün şansları oldu. İkinci yarının ən real fürsətini isə qonaqlar qaçırdılar. Bernardo Diasın zərbəsini Cənnətov qaytardıqdan sonra İssuf Paro önünə düşən topu boş qapıdan keçirə bilmədi. Beləliklə, tərəflər oyundan hərəyə 1 xalla ayrıldılar.
“Zirə”dən “come-back”, liderdən ardıcıl ikinci məğlubiyyət
Turun ən maraqlı görüşü “Zirə” və “Qarabağ” arasında keçirildi. Azarkeşlər bu qarşılaşmada iki fərqli hissəyə şahidlik etdilər. İlk yarıda özünü yaxşı tərəfdən göstərən Ağdam klubu oldu. 20-ci dəqiqədə Toral Bayramovun keçidi və ötürməsindən sonra avrokuboklarda heç nə ilə yadda qalmayan Aleksey Kaşuk topu tora qovuşdurdu. Bu, ukraynalı yarımmüdafiəçinin cari mövsümdə 5-ci qolu oldu.
Fasiləyə az qalmış isə “Qarabağ” üstünlüyünü iki topa çatdırdı. Patrik Andrade uzaq məsafədən sol ayağı ilə fantastik qol vuraraq, azarkeşlərin alqışını qazandı. Uzaq “doqquzluğa” vurulan bu qol mövsümün ən baxımlı qollarından biri oldu.
Fasilədən sonra isə oyunun məcrası dəyişdi. İkinci hissə tam olaraq “Zirə”nin istədiyi kimi keçdi. 56-cı dəqiqədə Salifu Suma sol ayağı ilə uzaq küncü dəqiq nişan alaraq, hesab arasındakı fərqi minimuma endirdi.
Cəmi 11 dəqiqə sonra Suma yenidən səhnəyə çıxdı və İssa Cibrilanın ötürməsini dəqiq tamamlayaraq, dubl müəllifi oldu.
82-ci dəqiqədə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçın qəhrəmanı Sumanın yerinə Davit Volkovu meydana buraxdı. Gürcüstanlı forvard meydana daxil olandan 8 dəqiqə sonra Rafael Utziqin ötürməsini qola çevirərək, “Zirə”nin möhtəşəm geridönüşü rəsmiləşdirdi. Bu qələbə sayəsində xallarının sayını 39-a çatdıran “qartallar” ikinci pillədəki “Araz-Naxçıvan”la aradakı xal fərqini 4-ə endirdilər. “Qarabağ” isə ardıcıl ikinci məğlubiyyətlə üzləşdi.
FƏRİD