AFFA İcraiyyə Komitəsinin çoxdan olması gərəkən iclası baş tutdu. Dünən gizli təşkil olunan toplantıdan gözlənilən qərarlar çıxdı. Hamının bildiyi, təxmin etdiyi məsələlər rəsmi təsdiqini tapdı. Yalnız baş katib postuna sürpriz təyinat fikirləri qarışdırdı.
İndiki AFFA rəhbərliyinin dönəmində ilk dəfə olaraq qərarlar ümumi press-reliz şəklində yox, konkret maddələrlə şəkilləndi. Bunun da səbəbi əvvəlki müzakirə iclaslarından fərqli olaraq bu dəfə konkret qərarların verilməsidir.
Günün sürprizi yeni baş katibin təyinatı oldu. İcraçı vitse-prezident Sərxan Hacıyevin paralel olaraq müvəqqəti icra etdiyi vəzifə Cahangir Fərəcullayevə tapşırıldı. Lakin yeni sima hər nə qədər AFFA prezidenti Rövşən Nəcəfin istəyi ilə təyin olunsa da, səlahiyyətləri ölkə futbolunu idarə edəcək qədər böyük olmayacaq. Buna Cahangir bəyin karyerası da imkan vermir. Futbol sahəsinə yad olan baş katib yəqin ki, daha çox katibliyin funksiyalarına uyğun fəaliyyət göstərəcək.
Müxtəlif şirkətlərdə fərqli vəzifələrdə çalışan, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi olan, mərc şirkətlərində məsul post tutan birisinə ölkə futbolunun idarəçiliyi tapşırıla bilməz. Elxan Məmmədovun vaxtında səlahiyyətləri artırılan baş katib postu icraçı vitse-prezidentliyin təsis olunması ilə arxa plana keçib. Yəqin ki, Fərəcullayev də bu rolla barışacaq. O, sadəcə, Hacıyevin boşaltdığı ikinci vəzifəni dolduracaq və daha ali rəhbərliyin əmrində çalışacaq.
Bu xəbəri səs-küylü edən Hacıyevin istefa verməsi barədə informasya idi. Halbuki Sərxan bəyin bu postu müvəqqəti tutduğu bilinirdi, indi onun dəftərxana işlərini bir başqasına buraxması səlahiyyətlərini də əldən vermək anlamına gəlməməlidir. Cahangir bəy hələ futbol idarəçiliyini öyrənmək üçün bir neçə ilə ehtiyac duyacaq. Əvvəlki iş yerlərində uğurlu ola bilər, AFFA-da baş çıxarmaq üçün isə daha böyük səriştə lazımdır. Həm də ona görə ki, Fərəcullayev bu sektorda tamamilə yenidir.
Komitənin iclasında AFFA-nın 2025-2028-ci illəri əhatə edən İnkişaf Strategiyası qəbul olunub. Ən təəssüf doğuran məqam bu qədər önəmli bir sənədin təsdiqlənməsinin bir cümlə ilə qeyd olunmasıdır. Əslində, yığıncaqda layihənin icrası ilə bağlı müzakirələr aparılmalı, işə nə vaxt, haradan başlanılması dəqiqləşməli idi.
İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi də müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Amma bu qərar da yarımçıqdır. Elitada iştirakçı sayının hansı yolla artırılacağı açıqlanmır. Təbii ki, yeni iştirakçılar I Liqadan gələcək, lakin əlavə 2 komandanın gələcəyi, yoxsa Premyer Liqada sonuncu yeri tutanı 3 yeni klubun əvəzləyəcəyi aydın deyil. Bundan başqa , I Liqada boşalan yerlərin necə doldurulacağı, II Liqadan bura keçidin necə olacağı da bilinmir.
Çempionatın əsasnaməsinin və formatının İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcəyi yazılıb. Ümid edirik, “növbəti toplantı” aylar sonraya qalmaz. Reqlamentdəki dəyişiklik indidən bilinməlidir ki, klublar işini ona uyğun qursun.
Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:
Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN
Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.
Rüsumların məbləğindən bəlli olur ki, AFFA klubların 12-dən çox əcnəbi gətirməyəcəyinə ümid edir, kəskin fərqi buna görə müəyyənləşdirib. Lakin burada da dəqiqləşmə olmalıdır, bu sayın mövsüm üzrə olduğu yazılmalıdır, hazırda heyətdə olanlarla bağlı nüanslar dəqiqləşməlidir. Eyni zamanda qaydalar Azərbaycanda yetişməyənlərə də şaml olunmalıdır. Əks halda, bir çox klublar rüsumdan qaçmaq üçün qismən səngiyən milliləşdirmə oyunlarına əl ata bilər.

Qərarda yerli oyunçularla bağlı qeyd də səlis deyil: “Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək”.
Əvvəla, burada konkret yaş həddi olmalıdır. Deyək ki, 21 və ya 23 yaş həddi nəzərdə tutulmalı, yeni nəslin yetişdirilməsi, onlara oyun praktikası qazandırılması üçün stimul yaradılmalıdır. Əks halda, təcrübəli veteranları oynadanlar da bonus tələb edə bilər.
Başqa bir məqam rüsumların bonuslara yönəldilməsidir. Bəs, büdcəsi daha çox rüsumlar hesabına formalaşan Peşəkar Futbol Liqasının taleyi necə olacaq? Ümumiyyətlə, bu qurumla məsləhətləşmələr aparılırmı?
Doğrusu, bonusların ciddi stimul olacağı inandırıcı deyil. Ümumi götürsək, hər klub rüsumlara təqribən 100 min manat ödəyəcək. Belədə 1,2 milyon manatlıq büdcə formalaşacaq. Hər klub bir yerli gənc oynatsa, təqribən 100 min manat qazanacaq, say çoxaldıqca ümumi fonddan gələn məbləğ azalacaq. Klubların çox kiçik məbləği qazanmaq naminə gənclərə şans verəcəyi inandırıcı deyil, əksəriyyət nəticəni düşündüyündən, hansısa hesablama aparmaqdansa, maaşı 2-3 min dollar olan legionerlərə üstünlük verəcək. Belədə yenə keyfiyyətsiz əcnəbilərin axını başlayacaq. Hələ bonusarın verilmə mexanizmini hazırlamaq da asan başa gəlməyəcək.
İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq. Doğrusu, bu məsələnin uzanması yaxşı hal deyil. Artıq gələn ay U-21-in oyunları var, digər millilər də növbəti tsiklə hazırlaşmaldır. Belədə təynatları yubatmaq ümumi işin yalnız ziyanınadır. Texniki direkor postuna gətiriləcəyi deyilən əcnəbinin təyinatını tez bir zamanda yekunlaşdırın və millilərə təyinatlar rəsmiləşsin!
İcraiyyə Komitəsnin qərarlarındakı natamamlıqlardan bəhs etdik. Əldə etdiyimiz bilgiyə görə, fevralda qurum üzvləri növbəti dəfə bir araya gəlib ən xırda detalları da yoluna qoyacaq.
Əsas müsbət məqam durğunluğun aradan qalxması, AFFA rəhbərliyinin müəyyən qərarlar qəbul etməsidir. Xüsusilə komanda sayının artması müsbət məqamdır. Əvvəlki rəhbərliyin dövründə hər il Premyer Liqa iştirakçılarının azalması tendensiyası var idisə, indikilər əks qrafik cızır. İndi əsas olan qərarların tətbiqidir. Xüsusilə İnkişaf Strategiyasının icrasına nəzarət edilməlidir. Bir il başa çatır, daha çox yubanmaq olmaz.
VÜSAL MAHMUDOV