Misli Premyer Liqasında “altılıq” sistemi tətbiq olunmayacaq. AFFA İcraiyyə Komitəsinin dünənki iclasında elitada komanda sayının 12-yə çatdırılması haqqında qərar yeniliyə səbəb olacaq.
Bildiyiniz kimi, hazırda 10 komandalı çempionat 4 dövrədə təşkil edilir, 36 tur oynanılır. 12 komanda ilə bu, mümkünsüzdür, 44 tur həddindən artıq uzun marafon olar. Əvvəlki illərdə tətbiq olunan “altılıq” sistemi isə uğursuz eksperiment kimi yadda qalıb, medallar uğrunda mübarizə aparan ilk 6 komandanın mübarizəsi gərgin keçsə də, ikinci “altılığ”ın görüşləri formal xarakter daşıyırdı.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, AFFA yeni mövsümü 3 dövrədə təşkil etməyi düşünür. Komandalar bir-biri ilə evdə və səfərdə oynayacaq, onlar arasındakı 3-cü matçın yeri püşkə əsasən müəyyənləşəcək. Yekunda komandaların bəziləri səfərdə bir oyun çox keçirəcək.
Bu praktika bizdə olub. Vaxtilə I Divizionda yarışlar məhz 3 dövrədə təşkil olunurdu. İndi də Premyer Liqa komandaları hansısa rəqibi ilə 3-cü dövrənin oyununu evdə və ya səfərdə, cavab matçı olmadan keçirəcək.
Yekun qərar verilməyib. Lakin İcraiyyə Komitəsinin növbəti iclasında məhz bu variantın təsdiqlənəcəyi gözlənilir.