Sağlamlığın qeydinə qalmaq vasitələrinin ən önəmlisi idmanla müntəzəm məşğul olmaqdır. İdman insanın həm bədən quruluşuna, həm də fiziki və mənəvi sağlamlığına müsbət təsir göstərir.
Bu dəfə sizi idman növlərinin bir qolu olan qarışıq döyüş sənətində uğur qazanan gəncəli Bəxtiyar Məcidovla tanış edəcəyik: “7 ildir MMA idman növü ilə məşğulam. Və bu idmanda bir çox nailiyyətlərim var. Respublika çempionatı öz yerində, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuşam, dünya çempionatında uğur qazanmışam. Və peşəkar kəmərlərim var”.
Hazırda yeniyetmə və gənclərin daha çox maraqlandığı idman növlərindən biri də qaydasız döyüşdür. Məlumat üçün deyim ki, bu idman növü “qarışıq üsullarla döyüş”ün ən sərbəst növü kimi xarakterizə edilir. Qaydasız döyüşün xüsusiyyəti haqda bunu demək olar ki, burada bir neçə müxtəlif əlbəyaxa döyüş növlərinin fəndlərindən istifadə etməyə icazə verilir. Adının “qaydasız” olduğuna baxmayaraq, burada da məhdudiyyətlər var, lakin qaydalar minimuma endirilib: “MMA-nın hərfi açıqlaması “Mixed Martial Arts” deməkdir. Yəni, bütün texnikaları özündə birləşdirən idman növüdür. 1888-ci ildə qədim Yunanıstanda yaranıb”.

Əsas psixoloji amil əslində, bu idmanın daxilində heç bir qaydanın olmamağıdır. Təbii ki, bəlli bir qaydası var, amma böyük ölçüdə deyil. Məhz bu qaydasızlıq amili psixoloji olaraq bu növə maraq oyadıb: “Uşaq vaxtından bu idman növünə həvəsim var idi. Axtardım, araşdırdım, özümə uyğun olan idman növünün bu olduğunu anladım. Və Əjdər müəllimin sahəsində bu yerlərə gəlib çatdım, ailəmin dəstəyi ilə də davam etdim”.
İnsanın hansı yaşda və xarakterinə uyğun olan idman növünü seçməsi isə onun gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Artıq 7 ildir Bəxtiyarın bu idman növü ilə məşğul olmasının nəticəsi əlbəttə ki, qazandığı uğurlar və nailiyyətləridir: “Ən böyük uğurum dünya çempionu olmaqdır. Ölkədaxili yarışlarda müxtəlif yerləri tutmuşam. Bundan başqa, qızıl döyüşçülər festivalının qalibi, dəfələrlə beynəlxalq turnirlərin çempionu olmuşam”.
İstedadlı gəncimizin xəyalları böyükdür: “Özümü gələcəkdə daha böyük arenalarda, dünya, Avropa çempionatlarında görürəm. Ümid edirəm ki, bayrağımızı digər ölkələrdə dalğalandıraram”.

Yəqin ki, idmanın yaşı bəşərin yaşı qədərdir. Bəşər inkişaf etdikcə, idman da onunla bərabər boy atıb böyümüşdür. Dünyanın hər yerində, yaşından asılı olmayaraq, hamı idmanı və idman yarışlarını sevir. İdman təkcə fiziki cəhətcə insanların güclənməsinə və inkişaf etməsinə səbəb olmur, həmçinin onları gündəlik həyatda daha hazırlıqlı və mütəşəkkil edir. Uğurlar qazanan gəncimizin digər gənclərə də məsləhəti var: “Gənclərə məsləhətim odur ki, idman ilə məşğul olsunlar, sağlam həyat tərzi sürsünlər. Ən azından özünü müdafiəni öyrənmək lazımdır. Hər kəs gələcəyin bir əsgəridir”.
BƏHRUZ MUSAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu
