“Tovuz səfərinin çətin keçəcəyini bilirdik. Qələbə qazanmaq üçün getmişdik, amma bir xal da pis nəticə deyil. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Bu nə dərəcədə alınır və ya alınmır, bunu məşqçilər heyəti iclaslarda bizə göstərir və biz də üzərində işləyirik. Qarşıda hələ bir neçə tur var, maksimum xal toplamaq istəyirik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Rüfət Abdullazadə bildirib.
Komandanın inkişaf etdiyini vurğulayan Abdullazadə gələcək oyunlarda daha çox xal qazanmaq və turnir cədvəlində daha yaxşı mövqeyə yüksəlmək istədiklərini söyləyib: “Mehriban bir kollektivimiz var və bu sabitliyi qorumağa çalışırıq. Biz futbolçular sadəcə məşqlərdə və oyunlarda öz işimizi görürük. Lakin hələ üzərimdə işləməli olduğum çox şey var. Daim öz üzərimdə işləyirəm ki, daha da yaxşı ola bilim. İki gün sonra “Qarabağ”la kubok oyunumuz var. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməli və daha soyuqqanlı olmalıyıq. Çətin olacağını bilirik, amma eyni istəklə hazırlaşacağıq. Hazırda daha çox liqadakı vəziyyətimizlə bağlı düşünürük. Çünki turnir cədvəlində sonuncu pillədəyik. Buna baxmayaraq, komandamızın inkişaf etdiyini düşünürəm. İnanıram ki, növbəti oyunlarda daha çox xal qazanacaq və yerimizi daha da yaxşılaşdıracağıq. Əgər kubokda növbəti mərhələyə keçə bilsək, bu bizə çempionatda əlavə motivasiya verəcək”.
GÜNAY SÜLEYMANOVA