AFFA İcraiyyə Komitəsinin son iclasında 2025/26 mövsümündən etibarən legioner limitinin ləğv olunması ictimaiyyət arasında geniş müzakirələrə yol açdı. Bunu təqdir edənlər də oldu, pisləyənlər də.
Fikirlər müxtəlifdir. Təbii ki, hər iki tərəfi başa düşmək olar. Ləğvin tərəfdarı olanlar iddia edir ki, bu günə qədər limit var idi, amma bu Azərbaycanda yüksək səviyyəli futbolçuların yetişməsinə şərait yaratmadı. Milli Millətlər Liqasında C divizionuna enirsə, limitin hansı faydasından danışmaq olar? İdeyanı pisləyənlər iddia edir ki, nəticələr limitlə bərbaddırsa, ümumiyyətlə bundan sonra “and içməyə” futbolçu tapa bilməyəcəyik.
Bəs görəsən, qonşularımızda və postsovet məkanında vəziyyət necədir?
Futbol dünyasında legioner limiti hər bir ölkənin futbol federasiyası tərəfindən müəyyən edilir və bu qaydalar hər mövsüm yenilənə bilər. Aşağıda Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna, Belarus, Latviya, Estoniya, Gürcüstan və Özbəkistanda legionerlərlə bağlı tətbiq edilən qaydalardan danışacağıq.
Rusiyada legioner limiti sərt şəkildə tənzimlənir. Mövsüm ərzində iştirak ərizəsində maksimum 13 əcnəbi futbolçunun adı ola bilər. Bununla yanaşı, komandalar ən azı 12 Rusiya pasportuna sahib futbolçunu qeydiyyatdan keçirməlidir. Matç zamanı isə meydanda eyni anda ən çox 8 legioner oynaya bilər. Bu, yerli futbolçuların daha çox oynamaq şansı qazanmasına kömək edə bilər, lakin klubların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini azaldır.
Türkiyədə legionerlərlə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Mövsüm üçün iştirak ərizəsində futbolçu sayı 26-dan 28-ə qədər artırılıb. Əvvəllər 12 legionerə icazə veriləcəyi planlaşdırılsa da, bu rəqəm 14-ə yüksəldilib. Hər oyuna 12 əcnəbi futbolçu sifariş etmək mümkündür. Meydanda legionerlərlə bağlı heç bir məhdudiyyət yoxdur, yəni komanda istəsə, tamamilə legionerlərdən ibarət heyətlə oyuna çıxa bilər.
Qazaxıstan Premyer Liqasında yeni mövsüm martın 1-də başlayacaq. Ötən il legioner limiti tamamilə ləğv olunsa da, komandalara minimum 13 yerli futbolçunun iştirak ərizəsində olması şərti qoyulmuşdu. Bu o demək idi ki, ilkin heyət (ilk “11-lik”) tamamilə legionerlərdən ibarət ola bilərdi. Lakin federasiyada baş verən ciddi dəyişikliklər nəticəsində yeni qaydalar müzakirə edilir. Əsas təklif isə 25 nəfərlik iştirak ərizəsində yerli futbolçuların sayını 13-dən 15-ə qaldırmaq və legionerlərin maksimum sayını 10-a endirməkdir. İlk baxışdan Qazaxıstan modeli daha çevik və adaptiv bir sistem kimi qəbul edilə bilər.
Ukraynada legioner limiti uzun illərdir müzakirə mövzusu olsa da, hələ də ciddi dəyişikliklər baş verməyib. Hazırda qüvvədə olan qaydalara əsasən, hər komandanın heyətində eyni anda meydanda maksimum 7 legioner ola bilər. Bu model yerli futbolçuların inkişafına xidmət etsə də, klubların Avropa miqyasında uğur qazanmasını çətinləşdirir. Azərbaycanda da buna oxşar model var idi. Nəticəni də gördük.
Belarusda legioner limiti nisbətən sərtdir. Hər komandaya eyni anda meydanda maksimum 4 əcnəbi futbolçu oynatmağa icazə verilir. Bu model yerli futbolçuların yolunu açsa da, klubların beynəlxalq turnirlərdə uğur qazanmasını çətinləşdirir.
Latviyada legioner məhdudiyyəti növbəti üç mövsüm üçün dəyişməyəcək. Hazırda qüvvədə olan qaydalar “8+3” sistemi ilə tənzimlənir. Yəni, hər komandanın heyətində Latviyada yetişən minimum 3 futbolçu olmalıdır. Bu futbolçular 12-21 yaşlarında olmalı və klubda azı üç mövsüm qeydiyyatdan keçməlidirlər. Azərbaycanda gənc futbolçuların inkişafı üçün belə bir sistem faydalı ola bilər.
Estoniyada yeni mövsüm fevralın 28-də başlayacaq. Burada qaydalara bəzi dəyişikliklər edilib. Əvvəllər klublar iştirak ərizəsinə 22 yerli futbolçu daxil edə bilirdi, lakin yeni qaydalara əsasən, bu rəqəm 20-yə endirilib. Bunun əvəzində legionerlərin sayı artırılıb. Belə ki, əvvəl klublar mövsüm üçün yalnız 8 legioner sifariş edə bilirdisə, indi bu rəqəm 10-a qaldırılıb. Oyun ərizəsində də dəyişiklik edilib və artıq hər komandaya 22 futbolçunu qeydiyyatdan keçirmək icazəsi verilib. Bununla belə, meydanda eyni anda oynaya biləcək legionerlərin sayı əvvəlki kimi 5 olaraq qalır.
Gürcüstanda legioner limiti 10-a qədər artırılıb. Lakin burada meydanda olan legionerlərin sayına məhdudiyyət qoyulmayıb. Bu da komandaların heyətində istədikləri qədər əcnəbi futbolçu oynada bilməsi deməkdir. Haradasa bu, daha faydalı kimi görünür.
Özbəkistanda legionerlərlə bağlı xüsusi qaydalar mövcuddur. Hər komandada eyni anda meydanda maksimum 5 legioner ola bilər. Lakin bu legionerlərdən biri mütləq Asiya Futbol Konfederasiyasına (AFC) daxil olan ölkənin vətəndaşı olmalıdır. Bu sistem müəyyən qədər yerli futbolçuların qorunmasına xidmət etsə də, Azərbaycanın futbol mühitinə uyğun deyil.
Göründüyü kimi, legioner limitinə dair müxtəlif ölkələrdə fərqli yanaşmalar mövcuddur. Azərbaycan üçün ən uyğun sistem yerli futbolçuların inkişafına şərait yaradan, eyni zamanda, klubların beynəlxalq arenada rəqabət qabiliyyətini qoruyan balanslı bir model ola bilər.
ABBAS
P.S.: Mövzunu Şərqi Avropa ölkələri ilə davam etdirəcəyik. Hər halda, postsovet məkanı etalon deyil.