“Araz-Naxçıvan” növbəti mövsüm avrokuboklara olacaq. Muxtar respublika təmsilçisi güclü olduğu üçün deyil, “Sabah”la “Neftçi”nin qeyri-sabit çıxışı belə deməyə əsas verir.
Elmar Baxşıyevin yetirmələri son 10 oyunda cəmi 1 qələbə qazanıb. Buna baxmayaraq, mövsümün əvvəlində heç kimin ciddiyə almadığı, eyni zamanda hakimlərin yardım etdiyi vaxtlarda yaxşı xal ehtiyatı yığıb. Rəqiblərinin də inamsız çıxışı komandaya qitə kuboklarına getmək üçün əla fürsət verib.
Bu səbəbdən dünən “Qarabağ”a məğlubiyyət heç nəyi dəyişməyəcək. Komanda ən pis halda 4-cü yeri tutacaq. Kuboku başqası alsa, ilk üçlüyə düşmək şərtdir. Digər iddiaçıların durumunu nəzərə alsaq, naxçıvanlılar bunun da öhdəsindən gəlməlidir. Hələ kubokda da şanslar qaldığından, Baxşıyevin yetirmələrinin Avropaya getmək ehtimalı çoxdur.
“Qarabağ” isə çempionluğu qeyd etmək üçün günləri sayır. 4-cü dövrənin əvvəlində ağdamlıların titulunu qoruduğu aydınlaşacaq. Düzdür, komandanın müdafiəsində ciddi problemlər olduğunu dünənki matç da göstərdi. Bununla belə, “atlılar”ın hücum gücü ölkədaxili yarışlarda istənilən situasiyadan çıxmağa imkan verir.
Dünənki oyunda meydanda baş verən digər hadisələr isə qan qaraltdı. Əslində, bu, əvvəl-axır baş verməliydi, sadəcə, “bomba” “Qarabağ”ın oyununda “partladı”.
“Araz-Naxçıvan”ın heyətində Felipe Santos adlı həddinibilməz biri var. Bu hücumçu Azərbaycana gəldiyi gündən bəri qalmaqalçı davranışı ilə seçilir. Bu mövsüm isə o, bütün sərhədləri aşıb.Geridə qalan oyunlara baxmaqla, braziliyalının yersiz aqressiyasının, təxribatçı hərəkətlərinin şahidi olmaq mümkündür. Qol vurarkən etdiyi jestlər, qeyri-etik davranışları hamıya bəllidir. Etdiklərinə əvvəl-axır kimsə reaksiya verəcəkdi və dünən məhz həmin hadisələr reallaşdı.
Meydandakı dava-dalaşın günahkarı tək o deyildi. Amma qıcıq doğuran hərəkətləri üzündən təkcə Santosun qırmızı vərəqə alması bəlkə də yerinə düşdü. Görünür, onunla klubda maarifləndirici iş aparılmır, ərköyünlüyünə göz yumulur ki, hər şey bu həddə çatdı. AFFA İntizam Komitəsi onu uzunmüddətli cəzaya məruz qoymalıdır. O zaman naxçıvanlıların başını sığalladığı Felipe dərsini almış olar.
Santosun ərköyünlüyünə göz yumulması elə öz komandasına zərbə vurur. Dünən komandasını azlıqda qoyub məğlubiyyətə (1:3) töhfə verdi, qarşıdakı matçlarda olmayacağı isə durumu bir az da ağırlaşdıracaq. Çünki o və Ramon Maçado olmayan oyunlarda “Araz-Naxçıvan” sıradan bir autsayder kimi oynayır.
Ən pisi Baxşıyevin Santosu müdafiə etməsidir. Oyunçusudur, arxa durmalıdır, amma “Santosu sındıra bilməzlər” ifadəsi onun təxribatçı hərəkətlərinə bəraət qazandırmaq deməkdir. Sanki əsgər yoldaşına qahmar çıxıb, “başqa aləm”in dili ilə danışır. Elmar bəy təzyiq altında olarkən özündən çıxıb əsl simasını göstərir. Sakit, təvazökar adam çox və səhv danışan birinə çevrilib. Hakimlərin yardımı sayəsində qələbələri sıralayarkən tam başqa biri idi, Zaur Axundovun tələblərini öz gücünə yerinə yetirə bilməyəndə isə özündən başqa hamını günahlandıran üsyançıya çevrilib.

Bu qədər zəngin heyətin, bu qədər geniş büdcənin qarşılığında 2025-ci ildəki ardıcıl büdrəmələr Baxşıyevin böyük məşqçi ola bilməyəcəyini göstərir. “Qəbələ”də bəslədiyi təxribatçı Santos indi “Araz-Naxçıvan”da braziliyalılardan ibarət dəstə yaradıb, istədiklərini edirlər. Arxalarındakı dəstəyə o qədər arxayındılar ki, futbol oynaya bilməyəndə dava salırlar.
Felipe ciddi şəkildə tərbiyə olunmasa, belə hoqqaları çox olacaq. Kuboku da nəzərə alsaq, “Qarabağ”la bu mövsüm daha 3 oyun var və mütləq bu hücumçunun yeni təxribatlarını görəcəyik. İntizam Komitəsi həm Santos, həm də “Araz-Naxçıvan” haqda ciddi ölçü götürməlidir. Təkcə dünənki oyun yox, Felipenin indiyəqədərki davranışları da nəzərə alınmalıdır.
FƏRİD