Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi
– Bu gün futbol üzrə Azərbaycan Kubokunun finalı keçiriləcək. “Sabah”ı aşkar favorit hesab edirsiniz, yoxsa “Zirə”dən sürpriz gözləməyə dəyər?
– Təbii ki, indiki durumu nəzərə alsaq, “Sabah” favorit görünür. Amma kubok “Zirə”yə daha çox lazımdır. Ona görə də Rəşad Sadıqovun komandası bu matça axırıncı şans kimi baxacaq. Əslində, kubok oyunlarında aşkar favorit olmur. Şanslar, demək olar ki, bərabərdir. Ancaq “Sabah”ın cüzi üstünlüyünün olduğunu vurğulaya bilərik. Onu da xatırladım ki, keçən il kubokun finalında “Qarabağ” favorit göstərilsə də, “Sabah” qalib gəlmişdi. Yəni kubokda proqnoz vermək çətindir.
– Sizcə, final bolqollu keçəcək, ya komandaların ehtiyatlı oyuna üstünlük verəcəyini düşünürsünüz?
– Finalın bolqollu olacağını düşünmürəm. Düzdür, “Sabah” açıq futbola üstünlük verir, dinamik və diqtə edən oyun nümayiş etdirir. Amma “Zirə” rəqibin gücünü nəzərə alaraq müəyyən mənada qapalı, ehtiyatlı oynaya bilər. Elə bu amilə görə qarşılaşmanın bolqollu olmamaq ehtimalı var. Matçın ilk dəqiqələrindən çox şey asılıdır. Əgər “Sabah” erkən qol vurarsa, “Zirə” istər-istəməz qabağa getməyə məcbur olacaq. Əksi olarsa, yəni “Zirə” hesabı açarsa, bu zaman onlar qapanacaqlar.
– Səmimi danışsaq, finalda “Sabah”a azarkeşlik edəcəyinizi demək olar? Çünki paytaxt klubunun ilk baş məşqçisi olmusunuz. Üstəlik, “Sabah” qalib gəlsə, digər sabiq komandanız “Neftçi” avrokuboka yollana bilər…
– Hər ikisi Azərbaycan komandasıdır. Amma qeyd etdiyiniz kimi, “Sabah” mənə “Neftçi”dən sonra doğma olan komandalardan biridir. Onların ilk məşqçisi mən olmuşam, komandanın formalaşmasında iştirak etmişəm. Buna görə də “Sabah”a xüsusi simpatiyam var. Amma kim güclüdürsə, o da qalib gəlsin.
– Finalın qəhrəmanı hansı futbolçu olacaq?
– Hər iki komandada həlledici oyunçular var. Konkret ad çəkmək çətindir. “Sabah”ın hücum xəttində Aron Maluda, Velko Simiç kimi futbolçular çıxış edir, hansı ki, oyunun taleyini hər zaman həll edə bilərlər. “Zirə”də də bu tip futbolçular var. Düşünürəm ki, yarımmüdafiənin mərkəzində oynayanlardan çox şey asılı olacaq.
– Azərbaycanda çalışdığı ilk mövsümdəcə “qızıl dubl” etməyə yaxın olan Valdas Dambrauskasın işini necə qiymətləndirirsiniz? “Sabah”ın litvalı çalışdırıcısı həmkarlarından əsas nə ilə fərqlənir?
– İlk ilindəcə uğur qazanmaqla Azərbaycana gələn əcnəbi məşqçilər arasında ən yaxşılardan olduğunu sübut etdi. “Qızıl dubl” etsə, məncə, bunu ölkəmizdə bacaran ilk xarici mütəxəssis olacaq. “Sabah”da Dambrauskasın işi görünür. Onun oyun fəlsəfəsi klubun strategiyası ilə uyğun gəlir. Uğurlu nəticələrinin səbəbi də məhz budur.
CAVAD






