“Şamaxı”nın qapıçısı Səlim Həşimovun futbolinfo.az saytına müsahibəsi
– Mövsümün son turunda Premyer Liqada debütünüz rəsmiləşdi. “Qəbələ” ilə görüşdə (1:3) iştirak edəcəyinizi biləndə hansı hissləri keçirdiniz? Həyəcanınız çox idi?
– Premyer Liqada debüt etmək mənim üçün böyük məsuliyyət, eyni zamanda vacib bir mərhələ idi. Oyundan əvvəl müəyyən qədər həyəcan var idi, lakin bu, normaldır və mən onu müsbət enerji kimi qəbul etdim. Meydana çıxdıqdan sonra isə tam şəkildə oyuna fokuslandım və komandama maksimum fayda verməyə çalışdım.
– Debüt matçınızdakı performansınızı necə dəyərləndirirsiniz? Matçdan sonra baş məşqçi Ayxan Abbasov sizə oyununuzla bağlı nə dedi?
– Debüt oyunumla bağlı ümumi olaraq müsbət fikrim var. Meydanda məşqçi heyətinin bütün tapşırıqlarını yerinə yetirməyə və komandaya kömək etməyə çalışdım. Oyundan sonra Ayxan Abbasov mənə faydalı məsləhətlər verdi və ümumilikdə oyunumdan razı qaldı, bu da mənim üçün çox önəmlidir.
– “Şamaxı”nın ümumilikdə bu mövsümkü çıxışını necə qiymətləndirirsiniz? Sizcə, komandanız mövsümü 8-ci pillədən də yuxarıda bitirə bilərdimi?
– Düşünürəm ki, komanda mövsüm ərzində xarakter göstərdi və çətin anlarda birlik nümayiş etdirməyi bacardı. Ümumilikdə mövsümü pis qiymətləndirməzdim. Əlbəttə, bəzi oyunlarda daha yaxşı nəticələr əldə edə bilərdik. Fikrimcə, potensial olaraq daha yuxarı pillələr uğrunda da mübarizə aparmaq mümkün idi. Amma komanda əlindən gələni etdi və bu mövsüm bizim üçün yaxşı təcrübə oldu.
– Müqavilə ilə “Zirə”yə məxsussunuz, “Şamaxı”da icarə əsasında oynadınız. Növbəti mövsümü harada keçirəcəyiniz dəqiqləşib? “Şamaxı”da qalmaq istəyirsiniz, ya “Zirə”yə qayıdacaqsınız?
– Hazırda konkret qərar yoxdur, amma “Zirə” mənim əsas klubumdur və təbii ki, geri qayıdıb orada öz şansımı qazanmaq istəyərəm. Mənim üçün vacib olan oynamaq, inkişaf etmək və etimadı doğrultmaqdır.
– Dediyiniz kimi, futbolçunun inkişafı üçün daha çox oynaması lazımdır. Növbəti mövsümdə oynayacağınız komandadan asılı olmayaraq, rəqabətə daha hazırlıqlı Səlim görə biləcəyik?
– Əlbəttə, hər futbolçu üçün oyun praktikası çox vacibdir. Mən də bu mövsüm ərzində həm təcrübə toplamağa, həm də öz üzərimdə daha çox işləməyə çalışdım. İnanıram ki, növbəti mövsüm daha hazır, daha inamlı və rəqabətə daha uyğunlaşmış bir Səlim görəcəksiniz.
– Kumiriniz hansı qapıçıdır? Dünya və Azərbaycan arenasında ən çox hansı həmkarlarınızı bəyənirsiniz?
– Karyeram ərzində bir çox yaxşı qapıçılarla birlikdə oynamışam və onları yaxından izləmək mənim üçün faydalı olub. Xüsusilə, Anar Nəzirov, Aydın Bayramov, Tiaqo Silva, Rikardo Fernandes və Abdulla Seydəhmədov kimi qapıçılardan müəyyən məqamları öyrənməyə çalışmışam. Hər birinin özünəməxsus keyfiyyətləri var və bu, mənim inkişafım baxımından dəyərli təcrübədir. Dünya futbolunda isə kumirim Tibo Kurtuadır. Xüsusilə, onun sakitliyi, qapı xəttindəki oyunu və çətin anlarda özünəinamı xoşuma gəlir.
ABBAS






