“Real” Madrid klubu prezident seçkilərinin tarixini açıqlayıb. Komandanın rəsmi saytına görə, səsvermə iyunun 7-də keçiriləcək.
Klubun hazırkı prezidenti Florentino Peres ardıcıl ikinci kuboksuz mövsümdən sonra erkən seçkilər elan edib. O, 2025-ci ilin yanvar ayında dörd illik müddətə yenidən “Real”ın prezidenti seçilib.
79 yaşlı Peres iş adamı Enrike Rikelme ilə mübarizə aparacaq. 2006-cı ildən bəri ilk dəfədir ki, Madrid klubunun prezident seçkiləri rəqabətli sistem altında keçiriləcək.
Peres 2000-ci ildən 2006-cı ilə qədər “Real”a rəhbərlik edib və 2009-cu ildə bu vəzifəyə qayıdıb. Onun rəhbərliyi altında Madrid klubu yeddi La Liqa, üç Kral Kuboku və yeddi İspaniya Super Kuboku qazanıb. Klub həmçinin yeddi Çempionlar Liqası, altı UEFA Super Kuboku, beş FİFA Klublararası Dünya Kuboku və iki Qitələrarası Kubok əldə edib.
Son mövsümdə “Real” La Liqada 86 xalla ikinci yeri tutub. Onlar həmçinin Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya (1-2; 3-4) məğlub olublar. Kral Kubokunun 1/8 finalında “Albasete”yə (2-3) uduzan Madrid klubu İspaniya Super Kubokunun finalında “Barselona” ilə bacarmayıb (2-3).






