“Turan Tovuz”un hazırda içində olduğu problemin mənbəyi illər öncəyə uzanır. Hələ 2019-cu ildə UEFA-dan gələn sanksiya məktubu klubdan və ictimaiyyətdən gizlədilməsəydi, indiki vəziyyət yaranmazdı.
Tovuzlu azarkeşlərin qəzəbi başadüşüləndir. Amma klubu, AFFA-nın indiki rəhbərliyini günahlandırmaq yalnız belə qalmaqallardan zövq alan sabiqlərin işinə yaraya bilər. Əsl günahkar isə problemə səbəbkar olanlar və bunu ört-basdır edənlərdir.
2019-cu ildə tovuzluların 7 oyunçusunun danışılmış oyunlara görə futboldan ömürlük uzaqlaşdırılması faktı məlumdur. Həmin günlərdə AFFA-nın icraçı vitse-prezidenti olan Elxan Məmmədov az qala özünü qəhrəman kimi təbliğ etdirirdi. Guya ki, təmiz oyunun tərəfdarıdır və nəticələrn manipuliyasiya edilməsi ilə mübarizə aparır.
Lakin Məmmədov həmin vaxt AFFA-dakı fəaliyyətinə kölgə salmamaq, özü problemdən qaçmaq üçün UEFA-nın sanksiyasını gizlədib, nə kluba, nə mətbuata açıqlayıb. Elxan buna görə “Turan Tovuz”un Premyer Liqaya gəlməsinə uzun illər mane olurdu. Məmmədov qərblilərin elitaya yüksəlməsinin, ardınca avrokuboka vəsiqə qazanmasının onları ifşa edəcəyini bilirdi.
O zaman tətbiq olunan sanksiyada 10 illik müddət götürülüb. Bir klubun 7 oyunçusunun eyni vaxtda cəzalanması “Turan Tovuz”u kənarda qoya bilməzdi. Kütləvilik olduğu üçün klub da hədəfə gəlməliydi. Lakin Elxan Məmmədov qərblilərin 10 il müddətində avrokuboka gedə bilməyəcəyin düşünərək cəzanı gizlətməklə zamanın dolmasını gözləyirmiş. Onun özünün AFFA-dan uzaqlaşdırılmasından sonra isə artıq bu məsələ Məmmədov üçün aktuallığını itirib.
Problemn indi üzə çıxması “Turan Tovuz”un Konfrans Liqasına vəsiqə qazanması ilə bağlıdır. Ötən il “Sabah” ölkə kubokunu qazanmasaydı, qərblilər qitə arenasına gedəcəkdi və indiki proseslər məhz o zaman aşkara çıxacaqdı.
Bu gün AFFA-nın tovuzlulara hansı əsasla lisenziya verməsi barədə şübhələr yaranıb. Amma bu məsələdə hər şey qaydasındadır. Məmmədov tərəfindən gizlədilən sözügedən sanksiya sistemdə görünmür. Ona görə də kluba müvafiq sənədlərin verilməsndə problem yaranmır. Məsələ yalnız UEFA-ya siyahı göndərildikdən sonra ortaya çıxıb. Bu da “Turan Tovuz”un 2019-cu ildən şübhəlilər siyahısına salınması ilə bağlıdır.
İllərlə Azərbaycan futbolunun bünövrəsinə balta çalmaqla məşğul olan Məmmədovun günahı inkarolunmazdır. O zaman Tovuz klubuna rəhbərliyi də Elxan təyin edirdi, komanda onun kurasiyasında idi. Amma həmin dövrdə icraçı vitse-prezidentdən başqa da məsələdən xəbərdar olanlar var idi və əksəriyyəti hazırkı AFFA rəhbərliyində təmsil olunur, müxtəlif postlara yerləşib, yuvalanıblar. Güman ki, UEFA-ya avrokubokda iştirak edəcək klubların siyahısı göndərildkdən sonra qərblilərlə bağlı xəbərdarlığı məhz həmin şəxslər edib.
Onlar Azərbaycan futbolunun imicini düşünsəydi, bu xəbərdarlıq klub rəhbərliyinə, həm də mövsümün əvvəlində edilərdi. O zaman “Turan Tovuz” mlyonlar xərcləməz, 10 il bitənə kimi orta səviyyəli klub saxlayardı, ya da problemin həlli üçün müvafiq addımlar atardı. Görünür, məsələni indi qaldıranlar hazırkı AFFA rəhbərliyini gözdən salmaq, ölkə futbolunda xaosun yaranmasını istəyənlərdir. İlk növbədə hələ də Elxana qulluq edən həmin şəxslər ifşa olunmalıdır.
Məsələdə klubun günahı da var. İdarə Heyətinin sədri Ehtiram Quliyev klubu təhvil alanda hər şeyi nəzərə almalı idi. Onun futbolda səriştəsi yoxdur, ətrafındakılar da bu sahənin adamları deyil. Quliyev dost-tanışı qoltuğunun altına almayıb əsl mütəxəssislərlə çalışsaydı, bu vəziyyətə düşməzdi. Bacarıqlı futbol funksioneri UEFA-ya vaxtında məktublar göndərər, himayəyə götürdüyü klubun problemlər ilə maraqlanardı. Bir növ “təmizlik aktı”na sahib olardı. Amma “Turan Tovuz”un hüquqşünasları başqa işlərlə məşğuldur, futbolda təcrübələri olmadığından, bu, ağıllarına da gəlməyib.
O zaman klubun əsas idarəçisi olan, indi də “Turan Tovuz”da iş başında dayanan Oqtay Abdullayev də sorğu-suala çəkilməlidir. Məmmədovla şərik olan bu şəxs əsas günahkarlardan biridir. Hətta rəhbərlik dəyişsə də, onun həmin “qumar dövrü”nün nümayəndəsi kimi klubda qalması UEFA-nı rəhbərliyin dəyişməsi, idarəçilrərin başqa şəxslər olması ilə bağlı inandırmağa mane olur.
Son xəbərlərə görə, Məmmədov FIFA-da işlədiyini, UEFA-nın işinə qarışa bilməyəcəyini deyərək əlaqələrindən istifadə edərək “Turan Tovuz”a kömək göstərməkdən boyun qaçırıb.
FƏRİD
P.S.: Elxan Məmmədova və həmin vaxt olayların içində olan AFFA rəsmilərinə tribuna verməyə hazırıq.






