Dünya praktikasında yeniyetmə idmançılara feyr-pley anlayışının aşılanması müasir idman təhsilinin və tərbiyə sisteminin əsas istiqamətlərindən biri hesab olunur. Müasir yanaşmalara görə idman yalnız fiziki hazırlıq və yüksək nəticə əldə etmək vasitəsi deyil, eyni zamanda gənc nəslin mənəvi keyfiyyətlərinin, sosial davranışının və etik dəyərlərinin formalaşdırılması üçün mühüm tərbiyə mühitidir.
Buna görə bir çox ölkələrdə yeniyetmə idmançılarla iş zamanı texniki hazırlıqla yanaşı, dürüstlük, rəqibə hörmət, qaydalara əməl etmə, komanda ruhu və məsuliyyət hissi kimi feyr-pley prinsipləri də sistemli şəkildə tədris olunur. Beynəlxalq təcrübə göstərir ki, bu dəyərlərin erkən yaşlarda mənimsədilməsi gələcək peşəkar idman həyatında daha dayanıqlı davranış modelinin formalaşmasına səbəb olur.
Yeniyetmə idmançılarda feyr-pley anlayışının formalaşdırılması əsasən məktəb idmanı, idman klubları, məşq proqramları və ailə dəstəyi vasitəsilə həyata keçirilir. Bir çox inkişaf etmiş ölkələrdə qəbul edilir ki, etik davranış xüsusiyyətləri peşəkar mərhələdə deyil, məhz uşaqlıq və yeniyetməlik dövründə daha effektiv şəkildə formalaşdırılır. Bu səbəbdən idman siyasətində erkən yaş təhsilinə xüsusi diqqət ayrılır.

Yaponiya bu sahədə fərqli və geniş tətbiq olunan modellərdən biri ilə seçilir. Yaponiyada məktəb və yeniyetmə idman sistemində qələbə əsas məqsəd kimi təqdim edilmir. Burada intizam, hörmət və kollektiv məsuliyyət ön plana çıxarılır. Məktəb komandalarında məşqlərdən və yarışlardan sonra rəqib komandaya təşəkkür etmək, meydanı birlikdə toplamaq və hakim qərarlarına hörmət göstərmək uzun illərdir formalaşmış ənənədir. Yeniyetmə idmançılar erkən yaşlardan öyrədilir ki, rəqib düşmən deyil, onların inkişafına kömək edən tərəfdaşdır. Bu yanaşma nəticəsində yapon idman sistemində etik davranış idman uğurunun ayrılmaz hissəsinə çevrilmişdir. Təhsil və idman strukturları birgə fəaliyyət göstərərək feyr-pley prinsiplərini gündəlik məşq prosesinə daxil edirlər.
Kanadada yeniyetmə idmançılar üçün tətbiq olunan yanaşma da diqqət çəkir. Burada gənclər idman proqramlarında məşqçilər texniki hazırlıqla yanaşı pedaqoji və etik hazırlıq istiqamətində də təlim keçirlər. Kanada məktəb idmanında bəzi yarış sistemlərində komandanın davranışı və idman etikası ayrıca qiymətləndirilir. Bu yanaşma yeniyetmələrə göstərir ki, qalibiyyət təkcə nəticə ilə deyil, davranış mədəniyyəti ilə də ölçülür.

Kanadalı mütəxəssislər hesab edirlər ki, erkən yaşlarda rəqabət təzyiqinin həddindən artıq artırılması bəzən aqressiv davranışa və qeyri-sağlam münasibətlərə səbəb ola bilər. Buna görə də yeniyetmə idman proqramlarında psixoloji hazırlıq və sosial münasibətlərə geniş yer verilir.
Almaniyada yeniyetmələrin idman tərbiyəsi əsasən klub sistemi üzərində qurulub. Burada idman klubları eyni zamanda sosial tərbiyə institutu rolunu oynayır. Yeniyetmələr komanda daxilində əməkdaşlıq etməyi, kollektiv qərar qəbul etməyi və qarşılıqlı hörmət prinsiplərini öyrənirlər. Alman idman klublarında məşqçilər gənclərlə söhbətlər aparır, yarışdan sonrakı davranışları müzakirə edir və yaranan mübahisələri təhlil edirlər. Bu metod yeniyetmələrə davranışlarının nəticələrini anlamağa kömək edir və feyr-pley dəyərlərini praktik şəkildə mənimsəməyə imkan yaradır.
Norveç və İsveç kimi Skandinaviya ölkələrində yeniyetmə idman siyasəti daha çox uşağın psixoloji rahatlığına və sağlam inkişafına əsaslanır. Bu ölkələrdə müəyyən yaş dövrünə qədər yüksək nəticə yönümlü yanaşmalar məhdudlaşdırılır. Məqsəd uşaqlarda idmana sevgi yaratmaq və sağlam rəqabət mühiti formalaşdırmaqdır. Bir sıra yarışlarda erkən yaşlarda yekun nəticələrin ictimai şəkildə vurğulanmaması praktikası mövcuddur. Bu sistem yeniyetmələrin özlərini yalnız qələbə və məğlubiyyət üzərindən qiymətləndirməsinin qarşısını almağa xidmət edir. Beləliklə, feyr-pley rəqabətin qarşısını alan deyil, onu daha sağlam edən prinsip kimi təqdim edilir.
Avstraliya da yeniyetmə idmançılarda feyr-pley anlayışının inkişafı üçün xüsusi proqramlardan istifadə edir. Burada məktəb idmanı və uşaq yarışlarında məşqçilərlə yanaşı valideynlər üçün də davranış kodeksləri hazırlanır. Çünki tədqiqatlar göstərir ki, yeniyetmə idmançıların davranış modelinə ailənin təsiri çox böyükdür. Valideynlərə öyrədilir ki, yarış zamanı uşağa həddindən artıq təzyiq göstərmək və yalnız nəticəyə diqqət yönəltmək mənfi psixoloji nəticələr yarada bilər. Bu yanaşma yeniyetmələrdə idmana qarşı sağlam münasibətin formalaşmasına kömək edir.

Beynəlxalq səviyyədə də yeniyetmə idmançılar arasında feyr-pleyin təbliği geniş əhəmiyyət daşıyır. Beynəlxalq Olimpiya Komitəsi və UNESCO müxtəlif proqramlar vasitəsilə məktəblərdə və idman təşkilatlarında gənclərə dürüstlük, dostluq, hörmət və etik davranış prinsiplərinin öyrədilməsini təşviq edir. Bu proqramların əsas məqsədi idmançıların gələcək peşəkar həyatlarında yalnız uğur qazanmaları deyil, həm də məsuliyyətli və nümunəvi vətəndaş kimi formalaşmalarıdır.
Bəs Azərbaycanda vəziyyət necədir? Təəssüf ki, ortaya konkret nümunələr qoya bilməyəcəyik. Bizdə yalnız ənənələrə söykənənən “tərbiyə ailədən başlayır” tezisi hökm sürür. İdman cəmiyyətlərində uşaqlarla ancaq tövsiyyə xarakterli söhbətlər aparılır.
Yuxarıda sadaladığımız nümunələrdən hansı birini ölkəmizdə görə bilərik. Əlbəttə, onu da deyə bilmərik ki, azərbaycanlı yeniyetmə idmançılar feyr-pley qaydalarına əməl etmir. Bəlkə də tərbiyəli olmaq və rəqibə hörmət etmək bizim genimizdə var. Amma iqtisadi-sosial problemlərin fonunda uşaqların idmana gələcək üçün qazanc gözü ilə baxması vəziyyəti gərginləşdirə bilər. Ona görə də nəzarəti ələ almaq və xüsusi proqramlar hazırlamaq lazımdır. Çünki maddi problemlər şüuru pis mənada “zədələyir”.
TAHİR MİRZƏ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu







