“Şamaxı” yeni mövsümə tam fərqli heyətlə başlayacaq. Baş məşqçi Azər Bağrov düşərgədə olan legionerlərin əksəriyyəti ilə yolları ayırmağı düşünür.

Futbolinfo.az xəbər verir ki, Ravil Qafarov, Sezar Enrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi və Alfons Mabula Msanqa ilə yolları ayıran bölgə təmsilçisi yalnız Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə bağlayıb.

“Şamaxı”ya vida edənlərin sayı daha da artacaq. Bağırov yalnız öz seçdiyi legionerlərlə işləmək istəyir. Bu səbəbdən müqaviləsi olan Rikardo Fernandes və Dieqo Balau da yola salınacaq. Onların maaşı müqavilə üzrə ilk mövsümləri ilə müqayisədə artdığından, məşqçi onların satılmasını, əvəzinə daha münasib qiymətə yeni oyunçuların gətirilməsini istəyir.

Digər iki qapıçı ilə vidalaşan “Şamaxı” hazırda yalnız Rikardonun ümidinə qalıb. Amma onun da gedişi gündəmdədir. Tyaqo Silva ilə vidalaşan “Zirə” Fernandesi istəyir. Keçidin rəsmiləşməsi üçün tərəflərin maliyyə məsələsində anlaşması qalır. Bölgə təmsilçisi yüksək maaşı üzündən portuqaliyalını hətta daha münasib qiymətə yola sala bilər.

Balau ilə bağlı vəziyyət isə fərqlidir. Onu bir çox klub istəyir. “Turan Tovuz”, “Zirə” və “Qəbələ”nin maraq dairəsində olan oyunçunun taleyinə tezliklə aydınlıq gəlməlidir.

Shares: