Avstraliyalı avtomobil yarışçısı Coey Mouson İsveçrədə keçirilən məhkəmə prosesində ona qarşı irəli sürülmüş zorlama ittihamları üzrə bəraət alıb.
O, məşhur pilot Mixael Şumaherin Qlanddakı villasında çalışan tibb bacısına qarşı cinsi zorakılıq etməkdə günahlandırılırdı. Məhkəmənin qərarından sonra Mouson 3 il davam edən çətin dövrün başa çatdığını bildirib.
Pilot sosial şəbəkədəki paylaşımında əvvəldən özünü günahsız hesab etdiyini və həqiqətin qalib gələcəyinə inandığını vurğulayıb. O, hüquqlarını müdafiə edən vəkillərinə, həmçinin ədalətli qərar çıxardığı üçün İsveçrə məhkəmə sisteminə təşəkkür edib. Mouson ailəsinə, dostlarına, tərəfdaşlarına və azarkeşlərinə göstərdikləri dəstəyə görə də minnətdarlığını ifadə edib.
Bununla yanaşı, o, avtomobil idmanına qayıtdığını da rəsmən elan edib. Coey yenidən sükan arxasına keçərək əsas diqqətini yarışlara yönəltmək istədiyini bildirib. Mouson keçmişin ona təsir etməyəcəyini qeyd edərək gələcəyə nikbin baxdığını və tezliklə yarış trasında azarkeşlərlə görüşəcəyini vurğulayıb.






