İtaliyalı tennisçi, dünya reytinqinin bir nömrəsi olan Yannik Sinner Uimbldon turniri öncəsi keçiriləcək yarışlarda iştirak etməyəcək. Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Məlumata görə, 24 yaşlı idmançı “Rolan Qarros” turnirindəki uğursuz çıxışından sonra Turində geniş tibbi müayinələrdən keçib. Daha sonra bir neçə gün istirahət edən Sinner əlavə yoxlamalar üçün Milan şəhərində yerləşən San Raffaele xəstəxanasına müraciət edib.
Bildirilir ki, italiyalı tennisçi bu həftənin ortalarında məşqlərə qayıdacaq. Bununla belə, o, Uimbldondan əvvəl keçirilən ot örtüklü kort turnirlərində çıxış etməyi planlaşdırmır.
Qeyd edək ki, Sinner “Rolan Qarros” turnirində ikinci mərhələdə mübarizəni dayandırıb. O, argentinalı Xuan Manuel Serundoloya 6:3, 6:2, 5:7, 1:6, 1:6 hesabı ilə məğlub olub. Görüşün üçüncü setində 5:1 hesabı ilə öndə olmasına baxmayaraq, italiyalı tennisçi ardıcıl üç geymi rəqibinə uduzub. Bundan sonra o, hakimə başgicəllənmə hiss etdiyini və qusmaq istədiyini bildirib. Sinner qısa müddətlik kortu tərk etsə də, geri qayıtdıqdan sonra həm həmin seti, həm də növbəti iki seti uduzub.
Tennisçi mətbuat konfransında özünü artıq səhər saatlarından pis hiss etdiyini açıqlayıb.






