“Bu gün Azərbaycan millisi dünya reytinqində elə pillədədir ki, bizim üçün zəif rəqib yoxdur. San Marinonu zəif komanda hesab edirik. Amma düşünürəm ki, hazırkı vəziyyətdə bizim üçün zəif rəqib yoxdur, hamı bizə əsl rəqibdir”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, “Şəfa”nın məşqçisi Rauf Əliyev deyib.
37 yaşlı mütəxəssis yığmanın San Marino ilə keçirəcəyi yoxlama oyunu barədə fikirlərini bölüşüb. O, ötən matçda Maltaya məğlubiyyəti belə əsaslandırıb: “Açıq danışaq, əvvəllər Malta barədə düşünürdük ki, uda bilərik. Amma bu gün onların həm oyunu, həm də səviyyəsi göz qabağındadır. Dünya futbolu inkişaf edir. Hər bir ölkənin millisində irəliləyiş var. İstəyirik ki, bu komandaları rahatlıqla məğlub edək. Bunun üçün isə çalışmaq, daha güclü və meydanda daha əzmkar olmaq lazımdır. Mövsümün sonudur, futbolçular demək olar ki, bir ilə yaxındır oynayırlar, ağır çempionatdan çıxıblar. Bu amillər də komandaya təsir göstərə bilər. Hər nə olursa-olsun, qələbə qazanmaq yaxşıdır. Hazırlıq oyunu olsa belə, yaxşı nəticə müsbət haldır. Hər qələbə şirindir”.
Əliyev sentyabrda rəsmi oyunlarda yığmanın nəticələrinin daha yaxşı olacağına ümidli olduğunu da bildirib: “Millimizə uğurlar arzulayıram. Hazırlıq oyunu olsa da, qələbə daha yaxşı olar. Ümid edirəm ki, təlim-məşq toplanışı rəsmi oyunlarda öz faydasını göstərəcək. Ayxan Abbasovun milliyə gəlişindən sonra yığmada canlanma hiss olunur. Komandada yaxşı əhval-ruhiyyə var. İnanıram ki, görülən işlərin xeyri olacaq. Millimizdən hər zamankı kimi yaxşı nəticələr gözləyirik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Azərbaycan millisi bu gün San Marino yığması ilə üz-üzə gələcək. “Haladaş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.






