“Baş məşqçinin qərarı ilə komandadan ayrıldım. Artıq futbolçu kimi “Turan Tovuz” karyeram başa çatdı. Kluba səmimi qəlbdən uğurlar arzulayıram. Ümid edirəm ki, məhkəmə prosesi də onların xeyrinə yekunlaşar və avrokuboklarda iştirak edərək istədikləri nəticələri əldə edərlər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Şəhriyar Əliyev deyib.

33 yaşlı müdafiəçi “Turan Tovuz”un onun üçün xüsusi yerə sahib olduğunu bildirib: “Orada keçirdiyim 4 il mənim üçün çox dəyərlidir. Komanda elitaya qayıtdığı dövrdən etibarən ordaydım. Başlanğıcda çətin olsa da, sonradan hər şey yoluna düşdü. Azarkeşlərlə birlikdə həm sevincli, həm də çətin günlər yaşadıq. Bu klub yaddaşımda yalnız gözəl xatirələrlə qalacaq”.

Əliyev zədələri və gələcək karyerası barədə də danışıb: “Bir ildən çox zədəli oldum, sağaldıqdan sonra yenidən zədələndim. Bu, futbolun görünməyən, amma ən ağır tərəfidir. Şükürlər olsun ki, indi tam sağalmışam. Artıq mənimlə maraqlanan klublar var. Hər iki tərəf üçün uyğun olacaq qərarı vermək istəyirik. Yeni komandamda zədəsiz şəkildə meydana çıxıb maksimumumu vermək niyyətindəyəm. Hətta qışda ölkə xaricindən təklifim var idi, amma zədəm tam sağalmadığı üçün mümkün olmadı. İndi mövsüm başa çatdığına görə bütün təklifləri dəyərləndirəcəyik. Əgər ölkə daxilində qalacamsa, Premyer Liqada çıxış etmək istəyirəm”.

Şəhriyar yekun qərarını tezliklə verəcək: “2-3 klubla danışıqlar aparıram. Hazırda ölkə xaricindəyəm. 1 həftəyə yekun qərar bilinəcək”.

O, “Turan Tovuz”un yeni müqavilə təklif etmədiyini qeyd edib: “Komandada hər şey baş məşqçinin qərarından asılıdır. Kurban Berdıyev yəqin belə doğru bilib. Rəhbərliklə yeni müqavilə barədə heç bir danışıq olmadı. Ayrılıq futbolda qaçılmaz haldır, ona görə normal qəbul etdim”.

GÜNAY SÜLEYMANOVA

Shares: