Avropanın futbol assosiasiyaları PSJ-nin prezidenti Nasser Əl-Xelaifini 2027-ci il seçkilərində FIFA-nın hazırkı prezidenti Canni İnfantinoya potensial rəqib kimi nəzərdən keçirir və onun namizədliyini dəstəkləməyə hazırdır. Bu barədə “Politico” nəşri məlumat yayın.

Hazırkı qarşıdurmanın mərkəzində FIFA “Forward Enterprise” adlı kommersiya strukturunun yaradılması planı dayanır. Federasiyanın rəhbərliyinin planına əsasən, yeni qurum dünya çempionatı da daxil olmaqla turnirlərin media və kommersiya hüquqlarını əldə edəcək. Layihənin maliyyələşdirilməsi üçün FIFA strukturun səhmlərinin təxminən 20 faizini sataraq 4,2 milyard dollara qədər vəsait cəlb etmək niyyətindədir. Canni İnfantino isə təşəbbüsə dəstək müqabilində futbol federasiyalarına əlavə subsidiyalar təklif edib.

Təşəbbüs bir sıra iri konfederasiyaların müqaviməti ilə üzləşib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), həmçinin Asiya Futbol Konfederasiyası (AFC) layihəni tənqid edib. UEFA ümumi mövqe müəyyənləşdirmək üçün təcili onlayn görüş də keçirib. Müzakirə olunan mümkün tədbirlər arasında hətta FIFA-nın himayəsi altında keçirilən turnirləri boykot etmək də var.

Bu, UEFA-nın FIFA-ya qarşı sərt mövqe nümayiş etdirdiyi ilk hal deyil. 2021-ci ildə təşkilat dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına qarşı çıxmış və turniri boykot edəcəyini bildirmişdi.

İnfantinoya mümkün alternativ namizəd məsələsi 2026-cı il dünya çempionatı zamanı Avropa federasiyalarının nümayəndələri arasında daha fəal müzakirə olunmağa başlayıb. Ən ciddi namizəd kimi isə Nasser Əl-Xelaifi göstərilir.

Əl-Xələifi 2011-ci ildən PSJ-yə rəhbərlik edir. 2021-ci ildən Avropa Klublar Assosiasiyasının (EFC) sədridir, UEFA İcraiyyə Komitəsinin üzvüdür və EFC-ni FIFA Şurasında təmsil edir.

Shares: