“Şəfa”nın niderlandlı yarımmüdafiəçisi Dilan Mertensin futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan Premyer Liqasında debüt etdiniz. Ümumilikdə oyundan sonra təəssüratlarınız necədir? “Zirə”yə 0:2 hesablı məğlubiyyətin səbəbini komandanın təcrübəsizliyində görürsən?

– Bəli, bizim üçün asan oyun olmadı. Düşünürəm ki, bunun səbəblərindən biri də “Zirə”nin artıq daha çox oyun keçirməsidir. Bizim isə demək olar ki, tamamilə yeni komandamız var və futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac duyulur. Buna baxmayaraq, oyunda yaxşı məqamlarımız oldu və növbəti matçda məhz bunları davam etdirməliyik.

– Komandanın liqada qarşısına qoyulan məqsədlərə çatacağına inanırsınız?

– Əlbəttə. Düşünmürəm ki, komandada təcrübə çatışmazlığı var. Bir çox futbolçu üçün bu, yeni liqada ilk oyun idi və buna görə narahat olmağa ehtiyac yoxdur. Sadəcə, zamana ehtiyacımız var. Fiziki hazırlığımızı daha da yaxşılaşdırmalı və tətbiq etdiyimiz taktikanı təkmilləşdirməliyik.

– Heyətiniz hansı yerlər üçün mübarizəyə imkan verəcək?

– Yaxşı heyətimiz var. Sadəcə, hazırda bütün parçaların bir-birinə uyğunlaşması lazımdır. Çox çalışmaqda davam etməliyik. Əminəm ki, bunu bacarsaq, liqada hər kəsi təəccübləndirə bilərik.

– “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində həmyerlilərinizlə – “Tvente” ilə qarşılaşacaq. Bu oyun barədə fikirləriniz necədir?

– Bilirəm ki, “Tvente” yaxşı komandadır və yaxşı futbol oynayır. Ona görə də “Qarabağ” üçün çətin oyun olacaq. Amma “Qarabağ”ın üstünlük əldə edə biləcəyi məqamlardan biri mübarizə gücü ola bilər. Bu, futbolda çox vacib aspektdir və düşünürəm ki, “Tvente”də bu xüsusiyyət bir qədər çatışmır.

– Sizcə, “Qarabağ” bu rəqibi mübarizədən kənarlaşdıra bilər?

– Futbolda həmişə şans var. Kağız üzərində daha güclü komandanın olması heç nə demək deyil. Müasir futbolda qələbəni nə qədər istəməyiniz də böyük əhəmiyyət daşıyır. Ona görə də, əlbəttə, “Qarabağ”ın şansı var.

CAVAD

Shares: