“Zirə”nin hücumçusu Eren Aydın Misli Premyer Liqasının ikinci turunda “İmişli”ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
– Oyunlar bağlı nə deyə bilərsiniz?
– Çox yaxşı mübarizə apardıq. Avrokuboklara da yaxşı başlamışdıq. “Payde”yə qarşı yaxşı oynasaq da, təəssüf ki, yekunda məğlub olduq. “Şəfa” ilə görüşdə də qalib gəldik, “İmişli” ilə matçda da. Matça yaxşı start verdik. “İmişli”nin nəyə qadir olduğunu bilirdik. Rəqib standart vəziyyətlərdə təhlükə yaradır. Buna da xüsusi hazırlamışdıq. Qol vurdum, amma yenə də fərqlənə bilərdim. Epizodlarım oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədim. Məşqlərdə daha çox çalışıb özümü inkişaf etdirməliyəm.
– Fərqləndiyiniz epizodda qapıya zərbə endirirdiniz, yoxsa fikriniz ötürmə vermək idi?
– Açığı, cərimə meydançasına asma etmək istəyirdim. Lakin top qapıya getdi. Gözəl qol alındı.
– Sizcə, bu, “Ayın qolu” seçilə bilər?
– Bunu mən deyə bilmərəm.
– Mövsümə ardıcıl iki qələbə ilə start verdiniz. “Şəfa” ilə oyun daha çətin alındı, yoxsa “İmişli” ilə?
– Məncə, bu il çempionat daha çətin keçəcək. Yaxşı komandalar var. Hər matç çətin olacaq. Rəqibi ayırd edə bilmərəm. Qarşıda bizi “Neftçi” ilə oyun gözləyir. Həmin matçda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
– Avrokubokları da, çempionatı da nəzərə alsaq, demək olar ki, hər matçda qol vurursunuz. Bunun ardı gələcək?
– Əlbəttə, bunun üçün “Zirə”dəyəm. Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm.
– Çempionatda şəxsi hədəfləriniz nədir?
– Konkret say deyə bilmərəm, amma məqsədim hər oyunda qol vurmaqdır.
– Təklif gəlsə, Azərbaycan millisində forma geyinərsiniz?
– Bu barədə məndən bir dəfə də soruşmuşdular. Azərbaycan mənim üçün Türkiyə kimidir. Burada çox rahatam. Bakıda özümü İstanbuldakı kimi hiss edirəm. Dil problemi də yoxdur, hamı ilə ünsiyyət qura bilirəm. Məmnun olaram (qol.az).
